ABŞ ilin sonunadək Azərbaycan və Ermənistanla ilk İşçi qrupları yaradacaq


ABŞ hökuməti ilin sonunadək Azərbaycan və Ermənistanla ilk İşçi qruplarının yaradılmasını planlaşdırır.

Bu barədə "Report"un ABŞ bürosuna Birləşmiş Ştatların Dövlət Departamentinin Mətbuat xidmətindən məlumat verilib.

Qurumun məlumatında qeyd olunur ki, ABŞ hökuməti əldə olunmuş razılaşmalar əsasında Azərbaycan və Ermənistanla əməkdaşlığı dərinləşdirməyə davam edir və bu ilin sonunadək hər iki hökumətlə ilkin İşçi qruplarının yaradılmasını təmin edəcək: "Amerika Birləşmiş Ştatları 8 avqustda Vaşinqtonda imzalanmış tarixi birgə Bəyannamə və Anlaşma Memorandumlarının icrasına sadiqdir və ilin sonunadək hər iki hökumətlə ilkin İşçi qruplarının yaradılmasını təmin edəcək".

Dövlət Departamenti həmçinin Azərbaycanla Ermənistan arasında davam edən dialoqu və son praktiki addımları müsbət qiymətləndirib. Qeyd olunub ki, ABŞ hökuməti Azərbaycan və Ermənistan rəsmiləri arasında inkişaf etdirilən görüşləri, əldə olunmuş razılaşmaların icrasını da yaxından izləyir: "Biz Azərbaycan və Ermənistan rəsmiləri arasında sərhədlərin müəyyənləşdirilməsi, minatəmizləmə və TRIPP layihəsinin dəstəklənməsi məqsədi ilə infrastrukturun inkişafı üzrə son məzmunlu müzakirələri alqışlayırıq. Həmçinin Azərbaycanın Ermənistana göndərilən yüklərin tranzitinə icazə verilməsi barədə son qərarını, Ermənistan və Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələrinin İrəvanda keçirilmiş görüşünü də müsbət qarşılayırıq. ABŞ-nin rəhbərlik etdiyi təşəbbüslər bu səylərlə birlikdə özəl investisiyaları cəlb edəcək, Azərbaycan, Ermənistan və onun hüdudlarından kənarda yeni firavanlıq dövrü başlayacaq".


MANŞET XƏBƏRLƏRİ