Erməni nazirin sərhədə müəmmalı səfəri: Müharibə hazırlığı?


Oktyabrın 30-da Ermənistanın müdafiə naziri SurenPapikyan İstintaq Komitəsinin sədri Artur Poqosyan və komitə rəhbərliyi ilə birlikdə respublikanın dövlət sərhədinin cənub-şərq hissəsinə baş çəkib.

Ermənistan rəsmiləri həmin ərazidə müdafiə və mühəndislik işlərinin gedişatını yoxlayıb. Hətta Ermənistan mediası bu xəbəri müdafiə nazirinin döyüş mövqelərinə baş çəkməsi kimi təqdim edib.SurenPapikyan və Artur Poqosyan sonra ordu mövqelərinə baş çəkib, növbətçi heyətlə söhbət ediblər.

Ermənistan müdafiə nazirinin cənub-şərq istiqamətində ordunun mövqelərinə baş çəkməsi müəyyən suallar yaradıb. Çünki Ermənistan rəhbərliyinin Azərbaycanla sülh müqaviləsinin vacibliyindən danışdığı bir vaxtda SurenPapikyanın şərti sərhədə səfər etməsi təzadlı görünür. İstənilən ölkənin müdafiə nazirinin hərbi hissələrə baş çəkməsi normal görünə bilər.

Amma söhbət Ermənistanın şərq hissəsindən, yəni Azərbaycanla şərti sərhəddən gedir. Bu istiqamətdə “Tramp marşrutu”nun inşasına başlanıldığı bir vaxtda Ermənistanın hansı “döyüş mövqeləri”ndən danışması kifayət qədər müəmmalı səslənir. Zəngəzur dəhlizinin açılmasında Azərbaycan Ermənistandan və ABŞ-dən daha maraqlı olduğundan, müharibənin başlanmasında maraqlı deyil.

Ermənistana gəlincə, Baş nazir Nikol Paşinyan “Tramp marşrutu”nunaçılmasına dair ABŞ ilə imzalanmış müqaviləyə əsasən beynəlxalq öhdəliyə malikdir. Ona görə də rəsmi İrəvan bu razılaşmanı yerinə yetirmək məcburiyyətindədir.

Nazir Papikyanın Azərbaycanla sərhədə və “döyüş” mövqelərinə baş çəkməsi daha çox Ermənistan hakimiyyəti tərəfindən daxili auditoriyaya hesablanmış mesaj kimi şərh edilə bilər. Azərbaycanla kommunikasiyaların açılmasına dair razılaşmanın imzalanmasından sonra revanşist müxalifət və Erməni Apostol Kilsəsi Nikol Paşinyanı Zəngəzuru xarici qüvvələrə güzəştə getməkdə ittiham edir.

Bu cür ittihamlar isə 2026-cı ilin iyun ayında keçiriləcək parlament seçkiləri öncəsi Ermənistan rəhbərliyi üçün problemlər yaradır. Gümrü şəhərinin meri Vardan Qukasyanın həbsindən sonra baş verən etiraz aksiyaları müxalifətin protest elektorata təsirinin az olmadığını göstərdi. Eyni zamanda, siyasi reytinqi aşağı düşmüş Paşinyan seçkilərdə mühafizəkar kütlənin səslərini itirmək və onu müxalifətə güzəştə getmək istəmir.

Ona görə də Zəngəzur sərhədindən qarşı tərəfin döyüş mövqelərinin müşahidə edilməsi Paşinyanın Azərbaycana güzəştə getmək niyyətində olmadığına dair rəy yaratmağa hesablanıb. İstintaq Komitəsinin sədri Poqosyanın hərbi hissəyə səfəri isə çox güman ki, Ermənistan ordusunda baş verən çoxsaylı qətllər, intihar və zorakılıq hallarının qarşısını almaq məqsədi daşıyır. Çünki Ermənistanda əsgər valideynləri orduda baş verən özbaşınalıqlara görə hakimiyyətdən narazıdır. Paşinyan hakimiyyəti isə seçkiqabağı bu etirazların miqyasını aşağı salmaq istəyir. /cebheinfo.az/


MANŞET XƏBƏRLƏRİ