İrəvan üçün çətin sınaq: “Rusiya və İrana suveren qərarını qəbul etdirməlidir”


ABŞ administrasiyasının təşəbbsü olan "Trump Route for International Peace and Prosperity" (TRİPP - Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu) ilə bağlı geniş təfərrüat yoxdur. Lakin bu layihəyə Rusiya və İranın qıcıqlandırma ehtimalı böyükdür.

Cənubi Qafqaz Araşdırmalar Mərkəzinin rəhbəri Fərhad Məmmədov bildirib ki, ABŞ-nin rəhbərliyi ilə həyata keçirilməsi nəzərdə tutulan layihədə bu dəstəyin hansı formada veriləcəyi gələcək proseslər baxımından həlledici olacaq.

Onun sözlərinə görə, Ermənistan baş naziri Nikol Paşinyanın Altaya səfəri, həmçinin Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədian arasında iki dəfə baş tutan telefon danışığı məhz bu layihə ilə bağlı əlaqəlidir.

“Xüsusi vurğulanır ki, layihədə ABŞ-nin mülki şirkəti iştirak edəcək. Şirkət həm sərmayə, həm də idarəçilik baxımından prosesə cəlb olunacaq. Bütün fəaliyyət Ermənistan ərazisində həyata keçiriləcək” – deyə Məmmədov qeyd edib.

Ekspert hesab edir ki, Ermənistan bu prosesdə Rusiya və İrana öz qərarını, yəni suveren mövqeyini başa salmalı və onun qəbul edilməsinə nail olmalıdır.

“Bu, Ermənistanın dövlət müstəqilliyi və suverenliyi istiqamətində atdığı önəmli addımdır” – deyə o əlavə edib. /yenisabah.az/


MANŞET XƏBƏRLƏRİ