Rusiya və İranın "tələ" qorxusu: Niyə Zəngəzur?


Son günlərdə İran və Rusiya mediasında Zəngəzur dəhlizinə qarşı yeni kampaniya başlayıb.

Maraqlıdır ki, hər iki ölkənin bu məsələdəki mövqeyi üst-üstə düşür. Çünki İran İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) yaxın kanallar Zəngəzur dəhlizi İran və Rusiyanı mühasirəyə alan “tələ” adlandırır. Üstəlik, İran rəsmiləri də mütəmadi şəkildə bu dəhlizə qarşı olduqlarını bildirən bəyanatlar səsləndirirlər.

Son günlərdə Rusiya mediasında da bənzər fikirlərə şahid oluruq. Onlar da Zəngəzur dəhlizinin açılmasının Rusiyanın maraqlarına uyğun olmadığını iddia edirlər. Faktiki olaraq, hazırda İran və Rusiya Zəngəzur dəhlizinin açılmasına əngəl olmağa çalışır. Lakin onların heç biri bu dəhlizin açılmasının qarşısını alacaq gücdə deyil.

AĞ Partiya başqanının birinci müavini, politoloq Əhəd Məmmədli “Cebheinfo.az”-a açıqlamasında bildirib ki, İran prosesin başından etibarən Zəngəzur dəhlizinin açılmasının əleyhinə çıxır:

“Rəsmi Tehran hesab edir ki, Zəngəzur dəhlizinin açılması ilə onların Avropaya yeganə çıxışı bağlanacaq. Lakin Azərbaycan da İranın Avropa açılan qapısı ola bilər, ölkəmizlə daha böyük sərhədləri var. Hərçənd ki, bunu nəzərə almırlar.

Əslində isə İranın qorxduğu türk dünyasının birləşməsidir. Çünki Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında quru əlaqəsi bərpa olunandan sonra ölkəmiz Türkiyə və digər türk dövlətləri ilə quru əlaqəsi olacaq.

Bununla da türk dövlətləri bir növ birləşəcək. Nəzərə almaq lazımdır ki, Zəngəzur dəhlizi Azərbaycanı Turanla birləşdirəcək dəhlizdir. Yəni İran üçün əsas təhdid məhz budur”.

Ekspert qeyd edib ki, 10 noyabr 2020-ci ildə imzalanan üçtərəfli Bəyanata əsasən, Zəngəzur dəhlizinə rus sərhədçiləri nəzarət etməli idi:

“Əgər Zəngəzur dəhlizi Rusiyanın əleyhinə idisə, onda nə üçün Prezident Vladimir Putin ona razılıq verir və üçtərəfli Bəyanata imza atırdı? Yəni “tələ” iddiaları tamamilə absurddur.

Sadəcə olaraq son zamanlarda Azərbaycanla Rusiya arasındakı münasibətlər gərginləşdikdən və Zəngəzur dəhlizinin ABŞ-yə icarəyə veriləcəyi iddiaları yayıldıqdan sonra Moskva dərhal valı tərsinə çevirdi.

Kreml bu səbəbdən Zəngəzur dəhlizi ilə bağlı mövqeyini dəyişib. Rusiya bu dəhlizə ABŞ-nin nəzarət etməsini istəmir, ona görə belə addımlar atır. Sabah Zəngəzur dəhlizinin nəzarətinin Rusiyaya verilməsi gündəmə gəlsə, Kreml ona yenidən çox isti baxacaq. Çünki Zəngəzur dəhlizi Rusiyaya da lazımdır”.


MANŞET XƏBƏRLƏRİ