Kremlin sözçüsü Dmitri Peskov Ukrayna münaqişəsinin həlli istiqamətində göstərdiyi səylərə görə Türkiyəyə təşəkkürünü bildirib.
Turkustan.az xəbər verir ki, Moskvada jurnalistlərin suallarını cavablandıran Peskov qeyd edib:
“Türkiyə bütün danışıqlarda tərəflər tərəfindən müsbət qarşılanır. Biz də Türkiyə rəhbərliyinə danışıqlar üçün yaratdığı şərtlərə görə minnətdarıq.”
Peskov həmçinin Rusiya prezidenti Vladimir Putinlə ABŞ-ın keçmiş prezidenti Donald Trampın Çində mümkün görüşü ilə bağlı yayılan məlumatlara da münasibət bildirib.
Onun sözlərinə görə, Prezident Putin sentyabrın əvvəlində Çinə səfər edəcək. Lakin Trampla görüşlə bağlı hər hansı hazırlıq hazırda aparılmır:
“Əgər ABŞ prezidenti də eyni vaxtda Çinə səfər etmək qərarı versə, ikitərəfli görüş ehtimalını istisna etmək olmaz. Amma hələlik belə bir hazırlıq yoxdur. Bu cür görüşlər üçün əvvəlcə ekspertlər səviyyəsində iş aparılmalıdır".
Aytən Yaşar/ Turkustan.az