Bu çimərliklərdə “ölüm tələsi” var - Nazirlikdən VACİB ÇAĞIRIŞ


Yay mövsümünün başlaması ilə çimərliklərdə insanların sayı artıb. Təəssüf ki, bu dövrdə dənizdə batma halları da intensivləşir. Xüsusilə nəzarətsiz çimərliklərdə və təhlükəli ərazilərdə baş verən faciələr cəmiyyətin narahatlığına səbəb olub. İctimaiyyət arasında çimərliklərdə təhlükəsizlik tədbirlərinin yetərli olub-olmaması ciddi müzakirə mövzusuna çevrilib.

Yenisabah.az məsələ ilə bağlı Fövqəladə Hallar Nazirliyinin əməkdaşı Ehtiram Xəlilovla əlaqə saxlayıb. Nazirlik rəsmisi bildirib ki, rəsmi nəzarətdə olan çimərliklərdə təhlükəsizlik tədbirləri görülür və ciddi nəticələr əldə olunub:

"FHN-in nəzarət etdiyi çimərliklərdə çimərlik mövsümü başlayandan bu günə kimi suda boğulma təhlükəsi ilə üzləşmiş 46 vətəndaş FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıcları tərəfindən xilas edilib. Bu il ərzində FHN-in nəzarət etdiyi çimərliklərdə bu günə qədər ölüm faktı qeydə alınmayıb".

Mövzu ilə bağlı təhlükəsizlik üzrə ekspert Orxan Musayev də açıqlama verib. O bildirib ki, dənizdə baş verən boğulmaların böyük əksəriyyəti insan məsuliyyətsizliyi nəticəsində yaranır:

"Çimərlikdə baş verən faciələrin böyük əksəriyyəti insanın özündən asılıdır. Yəni qarşısı alına biləcək səhvlər ucbatından insanlar öz həyatlarını təhlükəyə atırlar. Dəniz istirahəti insanları cəlb edir, amma bu gözəllik anidən faciəyə çevrilə bilər. İnsanlar dənizin təhlükəli tərəflərini tez-tez unudurlar. Spirtli içki qəbul edib suya girmək, uşaqları nəzarətsiz buraxmaq, qadağan olunmuş ərazilərdə çimmək kimi hallar hələ də adi davranış kimi qəbul edilir".

Ekspert əlavə edib ki, insanlar rəsmi və nəzarət olunan çimərliklərə üz tutmalıdır:

"Bu cür məkanlarda FHN-in xilasedici qrupları fəaliyyət göstərir. Hər hansı bir hadisə baş verərsə, onlar dərhal müdaxilə edə bilirlər. Amma nəzarətsiz sahillərdə baş verən hadisələrdə insan həyatını xilas etmək, demək olar ki, mümkün olmur. Dənizə girməzdən əvvəl hava şəraiti və dalğa vəziyyəti də mütləq nəzərə alınmalıdır. Hətta peşəkar üzgüçülər belə bəzən müvazinətlərini itirirlər”.

Orxan Musayev maarifləndirmə işlərinin də gücləndirilməsinin vacibliyini vurğulayıb:

“Çimərliklərdə insanlar qaydaları pozduqda cərimələr tətbiq olunmalıdır ki, bu cür məsuliyyətsiz davranışların qarşısı alınsın. Boğulma hadisəsi saniyələr içində baş verir və insan səsini çıxarmadan bir anda suyun altında itib gedir. Bu faciələrin əsas səbəbi isə "heç nə olmaz" kimi düşüncələrdir”.


MANŞET XƏBƏRLƏRİ