ABŞ Prezidenti Donald Trampın son açıqlamaları İranla bağlı gərginliyin yenidən pik həddə çatdırıb. Hətta bəzi ekspertlər bunu yeni hərbi qarşıdurmanın anonsu kimi də qiymətləndirirlər. Belə ki, Ağ Ev rəhbəri açıq şəkildə Vaşinqtonun heç vaxt Tehranın nüvə silahına sahib olmasına imkan verməyəcəyini bəyan edib. Daha da irəli gedərək, İranın hələ də uranı zənginləşdirmək niyyətindən əl çəkmədiyini bildirib.
Sitat: “Onlar hələ də uranı zənginləşdirməkdən danışırlar. Bunu kim edər? Təzəlikcə dəhşətli bir vəziyyətdən çıxıblar, amma yenə deyirlər ki, davam etmək istəyirlər. Belə bir şey söyləmək üçün nə qədər axmaq olmaq lazımdır? Biz buna imkan verməyəcəyik”.
Bu bəyanatlar Vaşinqtonun Tehrana qarşı sərt kursunun davam edəcəyinə və diplomatik səylərin yerini yenidən hərbi təzyiqlərin ala biləcəyinə işarədir?
Globalinfo.az-a danışan Orta Doğu Araşdırmalar Mərkəzinin sədri, politoloq Sədrəddin Soltan bildirib ki, 12 günlük müharibədən sonra da ABŞ və İsrailin İrana qarşı hərbi zərbə endirmə ehtimalı aktualdır:
“Tehranla Vaşinqton və Təl-Əviv arasında atəşkəsə dair heç bir rəsmi sənəd imzalanmayıb. Tərəflər heç bir öhdəlik götürməyiblər. Buna görə də “kövrək atəşkəs rejimi” istənilən an pozula bilər. Hazırda atəşkəsin təşəbbüskarı və təminatçısı rəsmi Vaşinqton sayılır. Lakin ABŞ-ın qərarını ləğv etməsi mümkündür. Bunun baş verməməsi üçün İran nüvə proqramı ilə bağlı daha şəffaf və səmimi davranmalı, etimad yaratmalıdır”.
Sədrəddin Soltan
Politoloq qeyd edib ki, Tehran rejiminə beynəlxalq səviyyədə inam çox zəifdir:
“İranın açıqlamadığı, hazırda harada saxlandığı bəlli olmayan 400-dən çox zənginləşdirilmiş uran ehtiyatı əsas hədəflərdən biridir. Əgər Tehran bu məsələ ilə bağlı dəqiq məlumat verməsə və şəffaf davranmasa, ABŞ İranda müxtəlif strateji bölgələri gözaltı edə bilər. Məsələn, gizlədilmiş uran ehtiyatlarının Tehran, Xorasan, İsfahan, Şiraz və digər ərazilərdə aşkarlanması mümkündür. Bu ehtimal istisna deyil. Çünki ABŞ İranın nüvə proqramını tamamilə məhv etmək niyyətindədir”.
Sədrəddin Soltanın fikrincə, Ağ Ev bu məsələdə geri addım atmayacaq:
“İran hakimiyyətinin bəyanatlarının çoxu daxili auditoriyaya hesablansa da, bu, həmçinin beynəlxalq ictimaiyyətə ünvanlanmış ismarıclar da sayılır. Nə üçün İran ərazisi bombalandı? Niyə yüksək rütbəli hərbçilər və atom fizikləri hədəf alındı? Bu sualların cavabı sadədir: məqsəd İranın nüvə proqramını sıradan çıxarmaqdır. Tehran isə bu təzyiqlərin qarşısını almaq üçün nüvə fəaliyyətini tamamilə dayandırmağa razılaşmalıdır. Əks halda, İrana qarşı hərbi zərbə ehtimalı daim gündəlikdə qalacaq”.