Son zamanlar süni intellekt proqramlarının populyarlığı sürətlə artır.
Turkustan.az xəbər verir ki, insanlar bu texnologiyanı artıq təkcə axtarış sistemlərində deyil, həm də sanki bir dost və ya məsləhətçi kimi istifadə etməyə başlayıblar. Lakin mütəxəssislər bu yanaşmanın təhlükələrini vurğulayaraq, diqqətli olmağa çağırırlar.
Mütəxəssis psixoloq Arzu Hamurcu bildirir ki, süni intellekt vasitəsilə həll yolu axtarmaq və bununla özünü yaxşı hiss etməyə çalışmaq, əslində yaxşılaşmaqla eyni deyil:
“Sürətli istehlak dövründə duyğular da tez tükənir. İnsanlar emosional yorğunluğu dərhal aradan qaldırmağa çalışır, lakin bu, çox vaxt səthi olur. Duyğuların həzm olunmadan ötürülməsi, daxili böhranların təkrarlanmasına səbəb ola bilər.”
Arzu Hamurcuya görə, bu gün əksər insanlar emosional tükənmə yaşayır, lakin bu hissləri dərk etmək və üzərində işləmək əvəzinə, daha tez təsir göstərən, populyar üsullara yönəlirlər. Bura bəzən fal, bəzən sosial media, bəzən də süni intellektlə söhbət kimi vasitələr daxildir.
“Bəli, süni intellekt sizə müvəqqəti olaraq yaxşı hiss etdirə bilər, lakin bu, şəfa demək deyil. Əsl şəfa çox vaxt ağrılı və çətin bir prosesdir. Qarşıdurma, səbir və şəxsi səy tələb edir. Bu, sadəcə ‘özünüz tərəfindən yaradılan’ bir texnologiyadan alınacaq cavablarla mümkün deyil.”
Hamurcu süni intellektin yalnız insanın verdiyi məlumatlar əsasında işlədiyini vurğulayaraq bildirir ki, bu texnologiya sizin daxili dünyanızı, keçmişinizi, bədən dilinizi və kontekstinizi tam şəkildə anlaya bilməz.
“Əgər həyatınızda davamlı olaraq təkrarlandığını hiss etdiyiniz dövrlər varsa, eyni suallarla üz-üzə qalırsınızsa, bu zaman süni intellektlə yox, peşəkar terapevtlə danışmaq daha faydalı olar. Terapiya insanı anlayan, onun emosional tarixini bilən bir mütəxəssislə qarşılıqlı münasibətə əsaslanır.”
Sonda mütəxəssis qeyd edir ki, süni intellekt gündəlik həyatımızda bir çox sahədə faydalı ola bilər, lakin bu texnologiyanı emosional şəfa vasitəsi kimi görmək düzgün deyil.
“Əgər dəyişmək istəyirsinizsə, bu, yalnız cəsarət və daxili transformasiya ilə mümkündür. Bu səbəbdən, əgər nə edəcəyinizi bilmədiyiniz duyğusal dövrlər yaşayırsınızsa, süni intellektə deyil, bir mütəxəssisə müraciət edin”.
Aytən Yaşar/ Turkustan.az