DİQQƏT: Bu, baş versə, bazar günü də işə gedəcəksiniz


Azərbaycanda sürüşkən iş rejiminə keçid, eləcə də bəzi müəssisələr üçün bazar gününün iş günü elan olunması ilə bağlı təkliflər ictimai müzakirələrə səbəb olub. Bu təklif Milli Məclisin bu gün keçirilən iclasında da səsləndirilib. Müzakirələrin əsas mövzusu isə belə bir addımın yalnız Bakıya aid olub-olmayacağı və tıxac probleminin gələcəkdə hansı üsullarla həll ediləcəyi ilə bağlıdır.

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən siyasi şərhçi Cavanşir Abbaslı bildirib ki, tıxac problemi Azərbaycanda hər zaman ciddi narazılıq doğurub və son illər bu problem xüsusilə kəskinləşib.

Onun sözlərinə görə, belə təkliflərin səsləndirilməsi mövcud vəziyyət fonunda normaldır:

“Xüsusilə, son illərdə Bakıda tıxaclar hədsiz dərəcədə artıb. Bu baxımdan Milli Məclisdə Fazil Mustafanın səsləndirdiyi fikirlərdə müəyyən həqiqət payı var. Amma ilk növbədə tıxacları yaradan subyektiv səbəblər aradan qaldırılmalıdır”.

Quru sərhədlərlə bağlı VACİB AÇIQLAMA - Bu ölkələrə gedə biləcəyik… | KONKRET

C.Abbaslı qeyd edib ki, artıq paytaxtda şənbə və bazar günləri də adi iş günlərindən fərqlənmir:

“Vəziyyət o həddə çatıb ki, ölkədə şənbə və bazar anlayışı demək olar ki, itib. Paytaxt iflic durumdadır. İnsanlar əvvəllər həftəsonlarını işlərini həll etmək üçün münasib vaxt hesab edirdilər. Amma indi şənbə və bazar günləri iş günlərini də ötüb”.

Siyasi şərhçi hesab edir ki, bazar gününün iş günü elan olunmasındansa, problemin kökünə enmək lazımdır:

“5–10 ildən bir metro stansiyasının açılması və ya qatarın dövriyyəyə buraxılması tıxac problemini köklü şəkildə həll etmir. Bu məsələdə məsul və aidiyyəti qurumlar cavabdehdir”.

Bununla belə, Abbaslı təklifdə müsbət məqamların da olduğunu vurğulayıb. Onun sözlərinə görə, yaşayış yeri iş yerindən uzaq olan şəxslərin bir saat tez evə buraxılması, eləcə də bəzi müəssisələrin bazar günü fəaliyyət göstərməsi ideyası müsbət yanaşmadır.

“Burada söhbət bütün müəssisələrin və bütün işçilərin bazar günü işləməsindən getmir. Bu təkliflər mərhələli və düşünülmüş şəkildə nəzərdən keçirilməlidir. Əsas məsələ tıxac problemini real mexanizmlərlə necə aradan qaldırmaqdır”.

Qeyd edək ki, sürüşkən iş rejimi və qeyri-ənənəvi iş günləri ilə bağlı təkliflərin gələcəkdə Bakıyla yanaşı digər şəhərlərə də şamil olunub-olunmayacağı hələlik açıq qalır.


MANŞET XƏBƏRLƏRİ