Türkiyənin üç düşməni birləşdi, Netanyahu təhdid etdi – Yeni qarşıdurma


Dekabrın 22-də İsraildə baş nazir Benyamin Netanyahu, Yunanıstanın baş naziri Kiriakos Mitsotakis və Kipr Prezidenti Nikos Xristodulidisin iştirakı ilə keçirilən sammit beynəlxalq siyasi arenada xüsusi diqqət çəkib. Bu dövlətlərin formalaşdırdıqları üçtərəfli ittifaq Türkiyəyə qarşı əməkdaşlıq kimi dəyərləndirilir.

Yunanstan, Kipr və İsrail Aralıq dənizində Türkiyə əleyhinə siyasi və hərbi blok təsis ediblər. Hətta Netanyahunun, “İmperiyalarını bərpa etməyi və torpaqlarımız üzərində hökmranlıq qurmağı xəyal edənlərə deyirəm: bunu unudun”, – sözləri Ankaraya konkret xəbərdarlıq olaraq qəbul edilir.

Globalinfo.az-a danışan politoloq Aytən Qurbanova deyib ki, dekabrın 22-də keçirilən İsrail–Yunanıstan–Kipr üçtərəfli sammiti Şərqi Aralıq dənizində formalaşan yeni geosiyasi konfiqurasiyanın növbəti açıq təzahürü kimi qiymətləndirilə bilər:

“Ümumilikdə sammit və xüsusilə də, İsrailin Baş naziri Benyamin Netanyahunun açıqlamaları göstərir ki, bu platforma mahiyyət etibarilə Türkiyənin bölgədə artan siyasi, hərbi və enerji təsirinə qarşı yönələn koordinasiya olunmuş blok xarakteri daşıyır. Netanyahunun “imperiyaların bərpası” ifadəsi ilə Türkiyəni hədəfə alması heç də təsadüfi deyil. Son illərdə rəsmi Ankara Şərqi Aralıq dənizində enerji resursları, dəniz yurisdiksiyası və təhlükəsizlik məsələlərində prinsipial və fəal mövqe nümayiş etdirərək regional güc balansına ciddi təsir göstərib.

Türkiyənin üç düşməni birləşdi, Netanyahu təhdid etdi - Yeni qarşıdurma
Aytən Qurbanova

Məhz bu reallıq Türkiyənin maraqlarına zidd mövqedə dayanan dövlətləri alternativ siyasi və hərbi ittifaqlar formalaşdırmağa sövq edir. Heç şübhəsiz ki, üçtərəfli format Yunanıstan və Kipr üçün Türkiyəyə qarşı mövqelərini beynəlxalq müstəvidə legitimləşdirmək cəhdidir. İsrail isə bu ittifaq vasitəsilə Aralıq dənizində enerji layihələrində və təhlükəsizlik arxitekturasında öz maraqlarını qorumağa çalışır. Lakin blok xarakterli bu yanaşma bölgədə dialoq və əməkdaşlıq imkanlarını zəiflədir, eləcə də gərginliyi daha da artırır.

Nəticə etibarilə, İsrail–Yunanıstan–Kipr üçtərəfli sammiti regional güc balansını dəyişmək cəhdi olsa da, Türkiyənin artan təsirini məhdudlaşdırmaq potensialı kifayət qədər deyil. Əksinə, bu cür bloklaşmalar bölgədə qarşıdurma risklərini artıraraq uzunmüddətli sabitliyə yox, daha çox qeyri-müəyyənliyin və gərginliyin artmasına xidmət edə bilər”.


MANŞET XƏBƏRLƏRİ