Çox sevdiyim, lakin reallaşmasının mümkünsüz olduğunu anladığım bir cümlə var: “Ticarətin siyasətdən müstəqil olması müasir dünyanın ən böyük arzusudur”.
Nobel mükafatı laureatı amerikalı məşhur iqtisadçı Cozef Stiqlits isə deyir ki, ticarətin siyasətdən tamamilə müstəqil olması mümkün görünmür. O, inkişaf etməkdə olan bölgələrdə dövlətlərin ticari proseslərə müdaxilə etməsinin zəruruliyini vurğulayır. Bəlkə də həqiqətən problem budur, biz, bütün dünya üçün həyati əhəmiyyət daşıyan bu iki anlayışı qarışdırırıq. Hər birinin fərdi istiqamətinə düzgün nəzər yetirə bilmirik. Bunun bariz nümunəsi Yaxın Şərq regionunda yaşanan gərginliyin bir Cənubi Qafqaz ölkəsinə sıçramasıdır.
Azərbaycanın bu regionun aparıcı ölkələrindən İsraillə tarixi və siyasi bağları var. İnkişaf edən münasibətlərin fonunda bu ölkə ilə iqtisadi əlaqələr də güclənir. Eyni zamanda qardaş ölkə Türkiyənin də yarıregion qonşusu sayılan İsraillə iqtisadi və ticarət əlaqələri davam etməkdədir. Qəzzada yaşanan münaqişə fonunda məhz Təl-Əvivlə normal münasibətləri olan Bakının hədəfə alınması kifayət qədər təəccüb doğuran bir təxribat təşəbbüsüdür.
Dövlətlər arasında siyasi münasibətlər zaman-zaman enişli-çıxışlı dövr yaşayır. Bəzən yüksək səviyyəli razılaşmalar əldə edilir, dostluq mesajları verilir, bəzən isə gərginlik pik həddə çatır. Xüsusilə yeni beynəlxalq siyasət mexanizmi və dünya düzəninin formalaşdığı bir zamanda bunu daha çox müşahidə etmək mümkündür. Məsələn, İsrail və Türkiyə münasibətlərini nümunə göstərmək olar. Bu iki ölkə arasında sadəcə son 20 ildə yaşananlar kifayət qədər diqqət çəkir.
İl 2005, may ayı, məkan İsrail. Cəmi iki ildir baş nazir olan Rəcəb Tayyib Ərdoğan bu ölkəyə ilk rəsmi səfərini edib. Hazırda bütün dünyaya öz cəsarətli siyasi gedişləri ilə səs salan Türkiyə liderinin o zaman İsrailə səfəri böyük maraqla qarşılanmışdı. Ərdoğan səfər çərçivəsində israilli həmkarı Ariel Şaronla bir ara gəlib, iki ölkə arasındakı münasibətlərlə bağlı müzakirə aparıb. Hətta Şaronun türk lideri “Yəhudi milləti və İsrailin paytaxtı Qüdsə xoş gəlmisiniz”, – sözləri ilə qarşıladığı görüntülər tarixin ən maraqlı kadrlarından biri kimi xatırlanır. Məlumata görə, görüş zamanı iki ölkə arasında əlaqələrin möhkəmləndirilməsi məqsədilə birbaşa telefon xəttinin yaradılması razılaşdırılıb. Əlbəttə ki, Ərdoğan peşəkar bir siyasətçi olaraq balans prinsipini qoruyub, eyni zamanda Fələstinə də səfər edib və bu ölkənin lideri ilə görüşüb.
O tarixlərdə də Türkiyə-İsrail münasibətləri gərginləşmiş, lakin bu səfər anlaşılmazlıqları nisbətən yumşaltmışdı.
2010-cu ildə İsrailin Qəzzaya humanitar yardım aparan Türkiyəyə məxsus “Mavi Marmara” gəmisinə hücumundan sonra iki ölkə arasında vəziyyət tamamilə sarsıldı. Ankara və Təl-Əviv qarşılıqlı şəkildə səfirləri geri çağırdı, diplomatik münasibətlər dayandırıldı.
Türkiyə daha sonra Azərbaycanın da eyni addımı atması və İsraillə diplomatik münasibətləri dayandırmasını istədi. Lakin rəsmi Bakı belə bir addımın dövlət maraqlarına uyğun gəlmədiyini və peşəkar siyasi xətt ilə uzlaşmayacağını uyğun şəkildə bildirdi. Beləliklə Azərbaycan zamanla iki ölkə arasında münasibətlərin qaydasına salınması üçün müxtəlif təşəbbüslərlə çıxış etdi. 2022-ci ildə rəsmi Bakının uzun müddət davam edən cəhdləri müsbət nəticələndi. Yenə may ayında İsrail Prezidenti İsaq Hersoqun Türkiyəyə səfəri beynəlxalq siyasi arenada diqqət çəkdi. Hersoq səfər çərçivəsində Rəcəb Tayyib Ərdoğanla görüşdü, iki ölkəni narahat edən məsələlər müzakirə olundu. Hətta Türkiyə lideri bu səfəri Təl-Əvivlə əlaqələrdə dönüş nöqtəsi adlandırdı. Mətbuatda Hersoqun səfəri və ölkələr arasında münasibətlərin normallaşması istiqamətində başladılan prosesdə Bakının rolu məxsusi şəkildə vurğulanırdı. 2020-ci ildə baş verən 44 günlük müharibədən sonra Bakının tarixi dostu ilə qardaşının bir araya gəlməsi ölkəmizdə də böyük sevinc və ümidlə qarşılandı. Qısa müddət sonra – 2023-cü ilin fevralında Türkiyədə baş verən dəhşətli zəlzələ ilə bağlı xilasetmə prosesinə İsrail də qoşuldu. Ankaraya dəstəyini ifadə etdi, təyyarə və 40 nəfərlik heyət göndərdi.
Lakin ümumilikdə mövqe dəyişmir, Türkiyə və Azərbaycan dünyanın bir çox ölkəsi kimi Fələstinin müstəqilliyini tanıyır, problemin həlli üçün “iki dövlət” prinsipini dəstəkləyirlər.
Qayıdaq günümüzə. 2023-cü il oktyabr hadisələrindən sonra Qəzzada başladılan əməliyyatlar bütün dünyada olduğu kimi qardaş ölkədə də narahatlıqla qarşılandı. Ankara və Təl-Əviv arasında vəziyyət yenidən gərginləşdi, bir sıra xoşagəlməz diplomatik addımlar atıldı. Bu fonda Türkiyənin İsraillə iqtisadi əlaqələri məsələsi ölkə ictimaiyyətində təkrar gündəmə gətirildi. Lakin Ankara hökuməti buna soyuqqanlı yanaşdı, siyasət və ticarət əlaqələrinin bir-birinə qarışdırılmamalı olduğunu vurğuladı.
Anklavda əməliyyatların başlanmasında cəmi bir neçə ay sonra hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sədr müavini, o cümlədən keçmiş iqtisadiyyat naziri olmuş Nihat Zeybekçinin İsrail və Türkiyə arasında iqtisadi-ticari əlaqələrin kəsilməsi ilə bağlı suala cavabı diqqət çəkdi:
Zeybekçi bu iki anlayışın bir-birindən fərqləndiyini söylədi:
“İsrailin Qəzzadakı əməliyyatlarını qınayırıq, buna şiddətlə qarşıyıq. Lakin o ölkə ilə çox yaxın bağlantıları olan dostlarımız var. İsrail sərbəst ticarət müqaviləmizin olduğu bir ölkədir. Onlara 6 satıb, 1 alırıq. Ticarətin heç kimə zərər verməyən tərəfləri var”, – Zeybekçi bildirib. Təəccüblü deyil ki, İsrailə 2024-cü ildə ən çox mal satan ölkələrin də siyahısında məhz qardaş ölkənin adı yer alırdı, Azərbaycanın deyil.
Rəsmi Bakının balans siyasəti də tam olaraq Ankara nümayəndəsinin sözləri ilə üst-üstə düşür. Azəbaycan bir tərəfdən siyasi arenada ədaləti müdafiə edir. Lazım gəldikdə beynəlxalq platformalarda qanunlara uyğun olaraq Fələstinlə bağlı qərəzsiz, dəstəkləyici mövqe nümayiş etdirilir, digər tərəfdən isə siyasətin iqtisadi əlaqələrlə tarazlığı qorunur. İki anlayış arasındakı incə xəttə diqqət edilir. Emosional siyasi qərarların ticarətə yansımasının necə çətinliklərə yol açdığına tarixdə dəfələrlə şahidlik edilib. Son olaraq Rusiya-Ukrayna müharibəsinə görə yaşanan taxıl böhranı buna bariz nümunədir.
Məhz bu səbəbdən Ankara və Bakının bənzər yanaşma nümayiş etdirməsi təqdirəlayiqdir. Ümid edirik ki, tezliklə bunu hər kəs anlayacaq, beləliklə iki ölkənin birlikdə bütün çətinliklərin öhdəsindən gələcəyini dünyaya təkrar nümayiş etdirməsi münasibətlərə nifaq toxumu səpməyə çalışan qüvvələri xəyal qırıqlığına uğradacaq. /globalinfo.az/