Avropa İttifaqı və ABŞ Ermənistan üzərindən regionda maraqlarını reallaşdırmağa çalışır – Millət vəkili


Aprelin 5-də Brüsseldə keçiriləcək Avropa İttifaqı-Ermənistan-ABŞ müştərək konfransı ilə bağlı fərqli yanaşmalar mövcuddur. Görünən odur ki, Aİ-ı Ermənistan üzərindən qurulan oyunlardan imtina etmək niyyətində deyil. Məhz bu kontekstdə Azərbaycan dəfələrlə Avropa İttifaqının, xüsusilə də onun bəzi üzv dövlətlərinin Cənubi Qafqazla bağlı yanaşmalarının ziddiyyətli olduğunu ifadə edib. Fakt odur ki, Azərbaycanla Ermənistan arasında davam edən sülh prosesi Azərbaycan tərəfindən irəli sürülüb. Ölkəmiz münaqişədən sonrakı dövrdə normallaşmanın bütün məsələlərində hər zaman konstruktiv mövqe sərgiləyib.

Bunu Siyasətinfoya Milli Məclisin deputatı Aqil Məmmədov deyib.

O qeyd edib ki, 6 oktyabr 2022-ci il tarixli dördtərəfli Praqa görüşündə də Azərbaycanın özünün konstruktiv mövqeyini ortaya qoyub: “Ermənistanda 40 nəfər mülki monitorinq ekspertindən ibarət qısamüddətli Avropa İttifaqı Monitorinq Potensialının (AİMP) yerləşdirilməsinə razılıq verilməsi Azərbaycan tərəfindən xahiş olunmuşdu. Lakin daha sonra bu “missiya” mahiyyətindən kənara çıxmağa başladı. İlkin iki aylıq müddətdən sonra Azərbaycanın razılığı olmadan bu “missiyanın” fəaliyyətində bir çox dəyişikliklər olundu. Elə o vaxtdan da bu “missiya” Azərbaycana qarşı təbliğat alətinə çevrildi”.

Deputat bildirib ki, hazırda Fransa Ermənistanın hərbiləşdirilməsinə yönəlmiş addımlar atır: “Eyni zamanda Aİ-nin digər bir üzvü Yunanıstan da Ermənistanla hərbi əməkdaşlığın dərinləşdirilməsi ilə bağlı bəyanatlar verib. Bundan əlavə, Avropa Sülh Fondu çərçivəsində Ermənistana hərbi yardımın göstərilməsi planları açıqlanıb. Aprelin 5-də keçiriləcək toplantıda da bu mövzuda müzakirələrin aparılması gözlənilir. Təəsüf ki, Azərbaycan 30 ilə yaxın silahlı təcavüzün, işğalın və etnik təmizləmənin qurbanı olduğu halda Qərbin aparıcı qüvvələri susurdu. BMT Təhlükəsizlik Şurasının Ermənistanın işğalçı qüvvələrinin Azərbaycan ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnaməsinə baxmayaraq, Aİ və ABŞ-dan bu formada dəstək ifadə edilmədi”.


MANŞET XƏBƏRLƏRİ