AHBAP Assosiasiyası ilə bağlı aparılan istintaq çərçivəsində Maliyyə Cinayətlərini Araşdırma Şurasının (MASAK) hazırladığı hesabat istintaq materiallarına daxil edilib.
Turkustan.az xəbər verir ki, hesabatda həbs olunan Yeliz Kayanın bank əməliyyatları və istintaqa verdiyi ifadələr yer alıb.
Sabah qəzetinin məlumatına görə, MASAK hesabatında Yeliz Kayanın 2024-cü ildə 5 milyard, 2025-ci ildə 10 milyard, 2026-cı ildə isə 4 milyard türk lirəsi həcmində bank əməliyyatları həyata keçirdiyi qeyd olunub.
Kaya ifadəsində AHBAP Assosiasiyası ilə əlaqəli bank hesabları, çeklər, daşınmaz əmlak köçürmələri və pul hərəkətləri barədə açıqlamalar verib. O, həmçinin müğənni və assosiasiyanın təsisçisi Haluk Leventin bəzi biznes fəaliyyətləri ilə bağlı müxtəlif iddialar səsləndirib.
Məlumata görə, istintaq çərçivəsində Akberg Wine şirkətinə edilən pul köçürmələri də araşdırılır. Bundan əlavə, AHBAP Assosiasiyası adından "Ahbap Bira", "Ahbap Kahve", "Ahbap Su" və "Ahbaphane" adları üzrə ticarət nişanlarının qeydiyyatı üçün edilmiş müraciətlər də istintaq materiallarına daxil edilib.
Aytən Yaşar/ Turkustan.az