“Bu gün Azərbaycan bayrağı yarandığı tarixin ən yüksək zirvəsindədir” – Millət vəkili


“Xalq Cümhuriyyətimizin yadigarı olan üçrəngli bayrağımız tək Azərbaycan Respublikasında deyil, bütün dünyada yaşayan 50 milyondan artıq azərbaycanlını birləşdirən, hamı tərəfindən sevilən əsas simvolumuzdur. Eyni zamanda, Azərbaycan bayrağına Türk ölkələrində, bir sıra dünya xalqları tərəfindən də sevginin, rəğbətin şahidi oluruq. Bunları görmək hər birimiz üçün qürurvericidir”.

Bu fikirləri Turkustan.az-a açıqlamasında Milli Məclisin Kəlbəcər rayonundan olan deputatı Aqil Məmmədov söyləyib.

Millət vəkili bilidirib ki, bayrağa olan bu sevginin aşılanmasında Ulu öndər Heydər Əliyevin misilsiz xidmətləri olub: Biz Ulu öndərin bayraqla bağlı bir tövsiyyəsini hər zaman xatırlayırıq. O deyirdi: “Gərək hər bir evdə Azərbaycan Dövlətinin Bayrağı olsun, hər bir ailə Azərbaycan bayrağına itaət etsin. Bu bayraq tək rəsmi yerlərdə yox, idarələrdə, küçələrdə, saraylarda, məktəblərdə yox, gərək hər bir ailənin həyatının əziz bir hissəsi olsun”. Bu çağırış yaşından asılı olmayaraq hər bir azərbaycanlı üçün əbədi yadda saxlanılmalıdır”.

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2009-cu il noyabrın 17-də imzaladığı Sərəncamla hər il noyabrın 9-u ölkədə Dövlət Bayrağı Günü kimi qeyd edilməsindən danışan A.Məmmədov qeyd edib ki, bu qərar tarixi fakta, dövlətdə varislik prinsipinə əsaslanıb: Belə ki, Dövlət Bayrağı Gününün qeyd olunması Azərbaycan Xalq Cümhuriyyətinin tarixi ilə bağlıdır. Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Dövlət Bayrağı ilk dəfə 1918-ci il noyabrın 9-da Bakıda, hökumətin iclasında qəbul edilib və iclasın keçirildiyi Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının binası üzərində qaldırılıb və 1920-ci ilin aprel ayınadək dövlət statusuna malik olub. Bayrağımızın ideoloji təməlləri isə Əli bəy Hüseynzadənin “Türkçülük, müasirlik və islamçılıq” düsturuna əsaslanır. Təsadüfi deyil ki, Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Dövlət Bayrağı ilk dəfə 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı olaraq təsdiq edilib”.

Millət vəkilinin sözlərinə görə bu gün Azərbaycan bayrağı yarandığı tarixin ən yüksək zirvəsindədir: “İstər 1918-20-ci illərdə, istərsə də, 1991-ci ildə müstəqilliyimizi bərpa edəndən bəri Azərbaycan bayrağı heç də ölkəmizin bütün ərazilərində dalğalanmamışdı. Bu gün ilk dəfədir ki, Azərbaycan bayrağı ölkəmizin bütün suveren ərazilərində dalğalanır. 44 günlük Vətən müharibəsi və keçirilmiş son antiterror əməliyyatı ilə Azərbaycan özünün ərazi bütövlüyünü və suverenliyini tam təmin etdi. Ali Baş Komandan, cənab Prezident İlham Əliyev Azərbaycan bayrağını azad olunmuş bütün rayonlarımızda, şəhərlərimizdə ucaltdı. Beləlikdə, üçrəngli Azərbaycan bayrağı layiq olduğu məqama, yüksəkliyə yetişdi”.

Eltac Zülfüqaroğlu/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ