Cəlil Məmmədquluzadənin dünyagörüşündə milli maarifçilik və azərbaycançılıq


Medianın İnkişafı Agentliyi yeni ofisə köçüb - AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi

QEYD: Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunur

V Yazı

AMEA Fəlsəfə İnstitutunun aparıcı elmi işçisi,

dosent, fəlsəfə üzrə fəlsəfə doktoru Faiq Ələkbərli (Qəzənfəroğlu)

Cəlil Məmməd­qulu­zadənin sosial fəlsəfi dünyagörüşündə insan problemi və qadın azadlığı da mühüm yer tutmuşdur. "Danabaş kəndinin əhvalatları" əsərində o, Xudayar bəyin, Məşədi İsmayılın nümunəsində insanlıqla bir araya sığmayan xüsusiyyətləri ortaya qoymaqla yanaşı, Məmmədhəsən əmi, Zeynəbin timsalında isə insanlıq keyfiyyətlərinin daşıyıcılarının avam, çarəsiz olmasının səbəblərini göstərməyə çalışmışdır. Üstəlik, müsəlman bir cəmiyyətdə qadın olmanın daha da ağır olmasını ifadə etməyə çalışan Mirzə Cəlilə görə, sağlam olmayan xəstə bir mühitdə insanlıq keyfiyyətləri öz əhəmiyyətini itirir və öz yerini zora, zülmkarlığa, özbaşnalığa tərk edir. Çünki Xudayar bəylərə, Məşədi İsmayıllara müəyyən imtiyaz verərək azğınlaşdıran, qudurdan da, eyni zamanda Məmmədhəsən əmiləri, Zeynəbiləri alçaladan, çarəsiz bir vəziyyətə salan da xəstə təfəkkürlü, xəstə ruhlu sosial-siyasi quruluşdur. Yəni onların yaşadığı dövrdə elə bir sosial-siyasi quruluş hökm sürür ki, burada insani keyfiyyətlərə malik olmaq, xüsusilə də qadın olmaq çox çətindir. Belə ki, Xudayar bəylər istəyəndə Məmmədhəsən əmiləri lüt qoyub, Zeynəbləri isə zorla özünə arvad edə bilirdi.[1]

Ümumiyyətlə, Mirzə Cəlil bütün yaradıcılığı boyu insan problemi, o cümlədən qadın azadlığı məsələsinə daim diqqətlə yanaşmış, bu problemin əsas səbəbkarının əsasən islam dini ya da şəriətin və despotizmin olmasını göstərməyə çalımışdır. Məsələn, o, Qacarlardan işləmək üçün çar Rusiyasına, o cümlədən Bakıya gələn və "həmşəri" adlandırılanların insan yerinə qoyulmamasının və təhqir olunmasının səbəblərini göstərməyə çalışmışdır. O, yazırdı: "Mən indiyə kimi heç bilməzdim həmşəri nədir; mən ancaq bunu bilirdim ki, həmşəri fəhlədir, hambaldır, kankandır, biçinçidir, nökərdir, su daşıyandır, qəlyana od qoyandır, tulambarçıdır. Mən inidyə kimi elə bilirdim ki, həmşəri milçəkdir, torpaqdır, daşdır, kol-kosdur; amma heç bilməzdim ki, həmşəri də adamdır".[2]

Qadın azadlığı məsələsinə gəlincə, Mirzə Cəlil çoxarvadlılığa, erkən yaşda qızların evləndirilməsinə, məişət zorakılıına qarşı çıxıb. Ona görə, qadınlarla qeyri-insani, zorakı üsullarla rəftar etmək insanlığa tamam ziddir. O, buna örnək kimi qeyri-müsəlman xalqlarının bununla bağlı qayda-qanunlarını göstəriridi: "Bunu heç kəs dana bilməz ki, əcnəbilər və kafirlər məhz bir arvad alırlar və ölən günə kimi həmin bir arvada qane olurlar. Əgər bunlar bir-birini xoşladı, ömürlərinin axırnadək bir yerdə yaşayacaqlar, əgər xoşlamasalar, yenə bir tövr rəftar edəcəklər ki, ömürlərini başa versinlər".[3]Üstəlik, ona görə, qeyri-müsəlman xalqlarda evli ola-ola başqa qadına meyil göstərmək doğru sayılmır. An­caq islamda əksinə, evli olduğu halda başqa qadınlara meyil salmaq iba­dət hesab olunur ki, bunların da başında kərbəlayılar, hacılar gəlir. Mirzə Cəlilə görə, onlara da rövnəq verən siğəbazlıqdır ki, artıq Xorasana ziyarət üçün gedənlərin "ibadət"lərindən biri də məhz budur.[4]

Bununla da, o demək istəyirdi ki, əslində qadınların haqlarını əlindən alan və onları kölə vəziyyətinə salan şəriət özüdür. Məhz şəriətdən çıxış edərək din alimləri qadınların nəinki başını, üzünü də açıq saxlamasını qadağan buyurmuşlar. Mirzə Cəlilə görə, Quranda üz açmağı qadağan və haram edən açıq bir ayə və işarə olmadığı halda, bir para din üləmalarının ortaya atdıqları dəllilərin heç bir əsası yoxdur. O, yazırdı: "Xülasə, bizim etiqadımız bundadır ki, üç açmaq xilafi-şər deyil. Bu barədə əlimizdə şəri dəlillərimiz çoxdur... Biz deyirik hansı alim üç açmağı Quran ayəsilə haram bilirsə, buyursun; ən məhkəm dəlillərlə cavab verməyə hazırıq. Amma indidən burasını deyirik ki, "qayırma hədislər"lə bizim işimiz yoxdur".[5]Mütəfəkkirin fikrincə, qadınların üzü açıq olmasının başqa mənalara yozulmasının heç bir əxlaqi tərəfi ola bilməz, çünki hər şey təlim və tərbiyədən asılıdır. Təlim və tərbiyənin ilk yolu da ailə ilə yanaşı, qız uşaqlarının məktəblərdə təhsil alması ilə bağlıdır. O, yazırdı: "Bu işlərin çarəsi balaca qızları məktəbə qoyub oxutmaqdır. Elə ki, qızlarımız elmli və tərbiyəli olub, öz qədrlərini bildilər, onda özləri bilərlər ki, necə rəftar eləsinlər".[6]

Mirzə Cəlil doğru yazırdı ki, qadın məsələsindən bəhs edərkən dar çərçivədən yanaşıb qeyri-müsəlman qadınlarının, o cümlədən Qərb qadınlarının tamamını əxlaqsız, ismətsiz hesab etmək doğru deyildir. Çünki bu cür düşüncə burnundan uzağı görə bilıməynlərin iddialarıdır və bunun üçün Avropa filosoflarının əsərlərini oxumaq lazımdır.[7]

Beləliklə, deməliyik ki, hazırda bir çox tədqiqatçılar (İ.Həbibbəyli, Y.Qarayev, S.Vəliyeva və b.) Məmmədquluzadəni böyük azərbaycançı ideoloqlar kimi qələmə versələr də, bəzi dəqiqləşdirmələrə ehtiyac var. Bu fikirdə olanlar hesab edirlər ki, Məmmədquluzadə azərbaycançılığın əsas ideoloqlarından biri, bəlkə də birincisi olmuşdur. Özəlliklə, buna ən bariz nümunə kimi Məmmədqulu­zadənin bir tərəfdən xurafat və mövhumat (İslam dini deyil) əleyhinə mübarizəsi, digər tərəfdən "Osmanlı dili"ni deyil Azərbaycan türkcəsini müdafiə etməsini göstərirlər. Məsələn, akademikİsa Həbibbəylinin Məmmədquluzadənin "Azərbaycan" məqaləsini azərbaycançılğa dair baxışların zirvəsi, kamil örnəyi hesab etməsi,[8]Yaşar Qarayevin onun özünü "islam və şərq siyasi mənliyinin ideoloqu" adlandırması,[9]S.Vəliyevanı isə azərbaycançılıq ideyasını bütün çılpaqlığı ilə ilk dəfə irəli sürən mütəfəkkir kimi[10]q ələmə verməsi təsadüfi olmamışdır.

Doğrudur, Məmmədquluzadə Azərbaycan Türk xalqının maarif­lənməsi və azadlığı uğrunda xeyli dərəcədə işlər görmüşdür. Ancaq bəzi hallarda Məmmədquluzadənin tutduğu yol əsasən islamçılıqla, müəyyən qədər də türkçülüklə səsləşməmişdir. O, hesab edirdi ki, müsəlman ölkələrindəki bütün bəlaların əsas səbəbkarı İslam dinidir, bundan çıxış yolu olaraq islam mədəniyyətindən imtina edib Avropa mədəniyyətinə üz tutmaq lazımdır. Onun bu mülahizələri vaxtilə eyni fikirlərdən çıxış etmiş M.F.Axundzadənin yolundan çox da fərqlənmirdi. Bu yolu tutan Axundzadə xeyli dərəcədə də islam mədəniyyətindən, qismən də türk mədəniyyətindən uzaq durmuşdur. Məmmədquluzadə islama münasibətdə birmənalı şəkilddə Axundzadənin yolunu davam etdirdiyi halda, türkçülük məsələsində bir qədər ehtiyatlı mövqe tutmuşlar. Belə ki, o, türkçülük məsələsində romantik-özəkçi türkçülüyü dəstəkləməsə də, ancaq Azərbaycan türkçülüyünü hər daim müdafiə etmişdir.

Ümimiyyətlə etiraf etməliyik ki, Osmanlı türklərindən fərqli olaraq Rusiya türkləri milli özünüdərkdə, yəni Rus-Avropa-Qərb mədəniyyətindən çox Türk mədəniyyətinə və Türk tarixinə dönüşdə bir pillədə olsa, öndə olublar. Bunun əsas səbəbi bir tərəfdən Rusiya türklərinin daha çox assimilyasiya məruz qalmaları, digər tərəfdən Rus-Avropa-Qərb mədəniyyəti ilə yaxından tanış olmaları idi. Əslində hər ikisi bir-birnə bağlıdır. Belə ki, Rus-Avropa-Qərb mədəniyyəti təsiri ilə assimilyasiya məruz qalanlar, bir növ məcbur olaraq onunla dərindən tanış olurdular. Bu dərindən tanışlıq bir sıra türk aydınlarında nicat yolunun Rus-Avropa mədəniyyətində olması şübhəsi yaradırdı. Məsələn, M.F.Axundzadə, M.A.Şah­taxtlı Rus-Avropa-Qərb mədəniyyətinə "aşiq" olub ərəb əlifbasında dəyşikliklər edilməsi, yaxud da latın əlifbasına keçilməsini təklif etdiyi halda, A.A.Bakı­xanov, H.Zərdabi, Ə.Hüseynzadə buna bir o qədər meyil göstərməmiş­dir. Fikrimizcə, sonuncu­ların Rus-Avropa-Qərb mədəniyyətinə Axundzadədən, Şah­taxtlıdan fərqli olaraq isti münasibət bəsləməməsi üçün ciddi amillər olmuşdu. Doğrudur, onlar da bütövlükdə Rus-Avropa mədəniyyətini inkar etmirdilər, ancaq M.F.Axundzadə, C.Məmmədquluzadə, M.A.Şahtaxtlı kimi onu ideal şəklində də görmürdülər. Əksinə, Zərdabi "Əkinçi" qəzetində yazırdı ki, müsəlmanlar islamlıq və türklük şüuru altında birləşməlidirlər. Eyni ideyanı Ə.Hüseyn­zadə, Ə.Ağaoğlu, M.Ə.Rəsulzadə də müdafiə etmişdir. Fikri­mizcə, Zərdabinin, Hüseynzadənin, Rəsulzadənin, Ağaoğlunun Rus-Avropa-Qərb mədəniy­yətindən çox Türk-İslam mədəniyyətinə meyil göstərməsinin nəticəsi idi ki, erməni və rus ideoloqları onları tənqid edirdildər.

Etiraf etməliyik ki, həmin dövrdə Zərdabi ermənilər və ruslar üçün daha təhlükəli idi, nəinki çar Rusiyanın etibarını qazanmışlar! Unutmaq olmaz ki, "Əkinçi"nin bağlanmasında və Zərdabinin Bakıdan sürgün olunmasında da erməni və rus ideoloqlarının birbaşa əli olmuşdur. Çar Rusiyasının "Əiknçi" qəzetinin bağlatmasının və Zərdabini Bakıdan sürgün etməsinin əsas səbəbi onun M.F.Axundzadə, C.Məmmədqulu­zadə, M.Şahtaxtlı və başqa Rus-Avropa-Qərb mədəniyyətinə ideal kimi baxanlardan fərqli olaraq daha çox Türk-İslam mədəniyyətinə bağlılığı idi. Əgər Zərdabini bu milli işinə davam etdirməyə çar məmurları imkan versəydi Rusiya türkləri, o cümlədən Azərbaycan türkləri arasında milli şüurun bərpası daha tez baş verəcək, milli azadlıq hərəkatı bir neçə on il öncə baş qaldıracaqdı.


[1]Məmmədquluzadə C. Əsərləri. IV cilddə, I cild. Bakı, "Öndər", 2004, s.47-67

[2]Məmmədquluzadə C. Əsərləri. IV cilddə, II cild. Bakı, "Öndər", 2004, s.128

[3]Məmmədquluzadə C. Əsərləri. IV cilddə, II cild. Bakı, "Öndər", 2004, s.165

[4]Yenə orada, s.166

[5]Yenə orada, s.168

[6]Yenə orada, s.171

[7]Yenə orada, s.268

[8]Həbibbəyli İsa. Ədəbi-tarixi yaddaş və müasirlik. Bakı, "Nurlan", 2007, səh.617

[9]Qarayev Yaşar (1996). Tarix: yaxından və uzaqdan. Bakı, "Sabah", 1996, s.242

[10]Vəliyeva Sona. Azərbaycançılıq milli ideologiya və ədəbi-estetik təlim kimi. Bakı, "Azərbaycan Universiteti" nəşr., 2002, s.31, 41


MANŞET XƏBƏRLƏRİ