31 Mart – tariximizin göz yaşı


Aynur Turan
Araşdırmaçı- jurnalist

Fariz Əkbərov
Hüquqşunas, QHT sədri

Tarixi qədimdən-qədim, soykökü minilliklərə gedib çıxan bir xalq var – Azərbaycan xalqı! Əsrlər boyu hər cür məhrumiyyətə, müsibətə sinə gərib, ən ağır döyüşlərdən, ölüm-dirim savaşlarından qalib kimi çıxan, meydanda düşmənin gözünün içinə dik baxmağı bacaran məğrur, qürurlu, əyilməzdir Azərbaycan xalqı! Azərbaycan tarixində faciəli günlər çox olub. Xalqımızın həyat salnaməsini vərəqlədikcə əsrlər boyu başımıza gələnlərin şahidinə çevrilirik, əcdadlarımızın, babalarımızın və atalarımızın zaman-zaman düçar olduqları bəlaları göz önünə gətiririk. Heyrət edirik ki, ağlagəlməz keşməkeşlərə tab gətirib yaşamış, bu günlərə gəlib çıxmış xalqımız nə qədər yenilməz və dözümlü imiş?!.. Faşizm Almaniyası milyonlarla insanın qanı bahasıyla nəticələnən İkinci Dünya Müharibəsini bir neçə il davam etdirmişdirsə, ermənilərin törətdikləri vəhşiliklərin tarixi 200 ildir. Azərbaycan xalqına qarşı 1905-1907, 1917-1918-1920-ci və 1948-1953-cü illərdə törədilən soyqırımlarına Qaradağ, Xocalı da əlavə olundu, aranlı-dağlı Qarabağ işğal edildi. Xalqımız özünə qarşı tuşlanmış çirkin niyyətləri heç vaxt unutmamalı, qəlbində yaşatmalı, səbəbləri öyrənib təhlil etməli və tarixin ibrət dərslərindən düzgün nəticə çıxarmalıdır. Bu bizim üçün yazılmamış həyat qanununa çevrilməlidir. Azərbaycan tarixinə, insanlığa və bəşəriyyətə qarşı ən amansız və dəhşətli cinayətlərdən biri kimi düşmüş soyqırımı bugünkü və gələcək nəsillər unutmasın deyə, bu vəsaiti işləməyi özümüzə borc bilirik.

Bir əsrə sığmayan zülm

Azərbaycan xalqının minilliklərlə ölçülən zəngin və şərəfli tarixində həm qəhrəmanlıq, həm də faciə səhifələri bir-birini əvəz etmiş, nəsildən-nəslə qan yaddaşı və gen vasitəsilə ötürülmüşdür. Tariximizin bu 31 Mart səhifəsinin unikallığı ondadır ki, o eyni vaxtda həm faciə, həm də qəhrəmanlıq nümunəsidir.

Tarixçilər XX əsri “bəşər tarixinin ən zəngin, ən ziddiyyətli və eyni zamanda da şərəfli, həm də qanlı-qadalı əsri” adlandırırlar. Şərəfilə yanaşı, qanlı-qadası da bizim payımıza düşdü. Əvvəlində də, sonunda da faciələrə soyqırımlara məruz qaldıq. “Dünyanın siyasi xəritəsini, bəşəri, tərəqqi və inkişafın məcrasını dəyişən XX əsr bütün dünya kimi Azərbaycanı da milli intibah, siyasi oyanış, müstəqillik və istiqlal yoluna cəlb etdi. “Bu istiqlal, bu oyanış bizə qanlı faciələrin, soyqırımların bahasına başa gəldi. Belə faciələrdən biri də 100 ili haqlayan 1918-ci il martın sonlarından aprelin əvvəllərinə kimi xalqımıza qarşı törədilən, tarixdə misli görünməmiş mart faciəsi oldu.

1998-ci ildən 31 Mart Azərbaycan Respublikasında dövlət səviyyəsində Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd edilir. Bu soyqırım Azərbaycan xalqı və dövlətçiliyinin tarixində baş vermiş faciəli hadisələrə milli yaddaşın təzahürüdür.

Azərbaycanlıların kütləvi surətdə qırğını, repressiyalara məruz qalması, doğma yurdlarından sürgün edilməsi və didərgin salınması XX əsr tarixinin ən faciəli və dəhşətli səhifələrindəndir. “Böyük Ermənistan” yaratmaq xülyasından ruhlanan erməni qəsbkarları 1905-1907-ci illərdə azərbaycanlılara qarşı açıq şəkildə genişmiqyaslı qanlı aksiyalar həyata keçirdilər. Ermənilərin Bakıdan başlanan vəhşilikləri Azərbaycanı və indiki Ermənistan ərazisindəki Azərbaycan kəndlərini əhatə etdi. Yüzlərlə yaşayış məntəqəsi dağıdılıb yerlə yeksan edildi, minlərlə azərbaycanlı vəhşicəsinə qətlə yetirildi.

Bu hadisələrin təşkilatçıları məsələnin mahiyyətinin açılmasına, ona düzgün hüquqi-siyasi qiymət verilməsinə maneçilik törədərək azərbaycanlıların mənfi obrazını yaratmış, özlərinin qəsbkar torpaq iddialarını pərdələmişlər. 1918-ci ilin mart ayından etibarən əks-inqilabçı ünsürlərlə mübarizə şüarı altında Bakı Kommunası tərəfindən ümumən Bakı quberniyasını azərbaycanlılardan təmizləmək məqsədi güdən mənfur plan həyata keçirilməyə başlandı. Həmin günlərdə ermənilərin törətdikləri cinayətlər Azərbaycan xalqının yaddaşına əbədi həkk olunmuşdur. Minlərlə dinc azərbaycanlı əhali yalnız milli mənsubiyyətinə görə məhv edilmişdir. Ermənilər evlərə od vurmuş, insanları diri-diri yandırmışlar. Milli memarlıq incilərini, məktəbləri, xəstəxanaları, məscid və digər abidələri dağıtmış, Bakının böyük bir hissəsini xarabalığa çevirmişlər. Azərbaycanlıların soyqırımı Bakı, Şamaxı, Quba qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda və Azərbaycanın başqa bölgələrində xüsusi qəddarlıqlarla həyata keçirilmişdir. Bu ərazilərdə dinc əhali kütləvi surətdə qətlə yetirilmiş, kəndlər yandırılmış, milli mədəniyyət abidələri dağıdılıb məhv edilmişdir.

Azərbaycan Xalq Cümhuriyyəti yarandıqdan sonra 1918-ci ilin mart hadisələrinə xüsusi diqqət yetirmişdir. Nazirlər Şurası 1918-ci il iyulun 15-də bu faciənin təhqiqi məqsədilə Fövqəladə

İstintaq Komissiyasının yaradılması haqqında qərar qəbul etdi. Komissiya mart soyqırımını, ilkin mərhələdə Şamaxıdakı vəhşilikləri, İrəvan quberniyası ərazisində ermənilərin törətdikləri ağır cinayətləri araşdırdı. Dünya ictimaiyyətinə bu həqiqətləri çatdırmaq üçün Xarici İşlər Nazirliyi nəzdində xüsusi qurum yaradıldı. 1919 və 1920-ci ilin mart ayının 31-i iki dəfə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən ümummilli matəm günü kimi qeyd edilmişdir. Əslində bu, azərbaycanlılara qarşı yürüdülən soyqırımı və bir əsrdən artıq davam edən torpaqlarımızın işğalı proseslərinə tarixdə ilk dəfə siyasi qiymət vermək cəhdi idi. Lakin Azərbaycan Xalq Cümhuriyyətinin süqutu bu işin başa çatmasına imkan vermədi. Zaqafqaziyanın sovetləşməsindən öz çirkin məqsədləri üçün istifadə edən ermənilər 1920-ci ildə Zəngəzuru və Azərbaycanın bir sıra digər torpaqlarını Ermənistan SSR-in ərazisi elan etdilər. Sonrakı dövrdə bu ərazilərdəki azərbaycanlıların deportasiya edilməsi siyasətini daha da genişləndirmək məqsədilə yeni vasitələrə əl atdılar. Bunun üçün onlar keçmiş SSRİ Nazirlər Sovetinin 23 dekabr 1947-ci il “Ermənistan SSR-dən kolxozçuların və başqa azərbaycanlı əhalinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında” xüsusi qərarına və bunun əsasında, 1948-1953-cü illərdə azərbaycanlıların öz tarixi torpaqlarından kütləvi surətdə deportasiyası Erməni millətçiləri öz havadarlarının köməyi ilə 50-ci illərdən etibarən Azərbaycan xalqına qarşı kəskin mənəvi təcavüz kampaniyasına başladılar. Keçmiş sovet məkanında müntəzəm şəkildə yayılan kitab, jurnal və qəzetlərdə milli mədəniyyətimizin, klassik irsimizin, memarlıq abidələrimizin ən nəfis nümunələrinin guya erməni xalqına mənsub olduğunu sübut etməyə çalışırdılar. Eyni zamanda onlar tərəfindən bütün dünyada azərbaycanlıların mənfi obrazını formalaşdırmaq cəhdləri də güclənirdi. “Yazıq, məzlum erməni xalq”ının surətini yaradaraq əsrin əvvəlində regionda baş verən hadisələr şüurlu surətdə təhrif olunur, azərbaycanlılara qarşı soyqırım törədənlər soyqırım qurbanları kimi qələmə verilirdi. Rəsmi mənbələrə əsasən soyqırımın nəticəsində 12 minə yaxın azərbaycanlı qətlə yetirilmiş, on minlərlə insan itkin düşmüşdür. Ümummilli lider Heydər Əliyevin 26 mart 1998-ci il tarixli Sərəncamı ilə 31 mart Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunur.

Azərbaycanlılara qarşı soyqırım siyasətinin təzahürləri son yüzillikdə daha qabarıq şəkildə özünü büruzə verməsinə baxmayaraq, bu əməllərin başlanğıcı çox-çox əvvəllərə gedib çıxır. Xalqımızın zaman-zaman başına gətirilən faciələrin, bəlaların kökləri daha dərindir. Üç yüz ildən artıq bir dövrdə bu siyasət ayrı-ayrı vaxtlarda, müxtəlif formalarda həyata keçirilsə də, məzmun, qayə etibarilə bir məqsədə xidmət edib.

1828-ci il fevralın 10-da Təbriz-Tehran yolunun üstündə yerləşən Türkmənçay kəndində Rusiya–İran müqaviləsi bağlandı. Martın 20-də Rusiya hökmdarı I Nikolay bu müqaviləni təsdiq etdi və elə ertəsi gün yeni inzibati vahid İrəvan və Naxçıvan xanlıqları əraziləri əsasında “Erməni vilayəti” yaradıldı. Türkmənçay müqaviləsinin 15-ci maddəsinə əsasən İranda yaşayan ermənilərə sərbəst surətdə Rusiyanın himayəsinə keçmək hüququ verildi. Əslində, ermənilərin Qafqaza köçürülməri işinə ondan bir il əvvəl hazırlıq aparılmışdı, yəni 1827-ci ildə İrandan Azərbaycan ərazilərinə köçürülən yüzlərlə erməni ailəsi üçün yerlərdə hər cür şərait yaradılırdı.

1828-1829-cu illərdə Rusiya-Osmanlı müharibəsindən sonra da ermənilər Türkiyədən tarixi Azərbaycan torpaqlarına köçürülürdülər. Hətta bu iş üçün 1829-cu ildə Rusiya tərəfi xüsusi komitə təşkil etmiş və 12 maddəlik ümumi qaydalar müəyyənləşdirmişdi. Bu təkzibolunmaz faktı xatırlatmaq istərdik ki, azərbaycanlılara qarşı son üç yüz ildə soyqırım siyasətinin keçirilməsinin əsas səbəbkarları indiki Ermənistanda yaşayan ermənilər və onların sələfləridir. O sələflər ki, onların hamısı vaxtilə İrandan, Türkiyədən, daha sonra Suriyadan, Livandan, Yunanıstandan Bolqarıstandan, Rumınyadan, Qərbi Azərbaycana – indiki Ermənistana köçüb gəliblər, bəzən də gətiriliblər. Məhz bu proseslərin nəticəsi olaraq 1905-1906-cı illərdə azərbaycanlılara qarşı təkcə Qərbi Azərbaycanda deyil, Şimali və Şərqi Azərbaycanda da soyqırım tədbirləri keçirməyə müvəffəq oldular...

Təkcə Cənubi Azərbaycanın Urmiya şəhəri və onun ətraf ərazilərində ermənilər 150 minə yaxın Azərbaycan əhalisini qətlə yetirmişlər. Məhz bu proseslərin davamı və ən yüksək zirvəsi kimi 1988-1990-cı illərdə Ermənistanda azərbaycanlıların kökünü kəsmək və “türksüz Ermənistan” yaratmaq məqsədilə soydaşlarımıza qarşı əsrin ən ağır və qəddar vəhşilikləri həyata keçirildi... Azərbaycanlılara qarşı soyqırım siyasəti həyata keçirilərkən bu iş bütün dövrlərdə və bütün hallarda əvvəlcə deportasiya, onun ardınca da soyqırımların başlanması ilə müşayiət olunmuşdur. Adətən, köçürülmələr soyqırımlarla başlanmış, soyqırımlarla tamamlanmışdır.

Əsrin əvvəlində əksər əhalisi azərbaycanlı olan İrəvan şəhərindən və Ermənistan SSR-in digər bölgələrindən soydaşlarımız təqiblərə məruz qalaraq kütləvi surətdə qovulurdu. Azərbaycanlıların hüquqları ermənilər tərəfindən kobudcasına pozulur, ana dilində təhsil almalarına əngəllər törədilir, onlara qarşı repressiyalar həyata keçirilirdi. Azərbaycan kəndlərinin tarixi adları dəyişdirilir, toponimika tarixində misli görünməyən qədim toponimlərin müasir adlarla əvəzolunma prosesi baş verirdi. Saxtalaşdırılmış erməni tarixi gənc ermənilərin şovinist ruhunda böyüməsinə zəmin yaratmaq üçün dövlət siyasəti səviyyəsinə qaldırılırdı. Böyük humanist ideallara xidmət edən Azərbaycan ədəbiyyatı və mədəniyyəti ruhunda tərbiyə olunmuş yeni nəslimiz ekstremist erməni ideologiyasının təqiblərinə məruz qalırdı.

(davamı BU LİNKDƏ)

Medianın İnkişafı Agentliyi — Vikipediya

Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği

(ardı var)


MANŞET XƏBƏRLƏRİ