Zəmanəsinin və zəmanəmizin böyük şairi Məhəmməd


Kamal Camalov,

Pedaqogika elmləri doktoru, professor

Azərbaycan Respublikasının Əməkdar müəllimi

Naxçıvan Müəllimlər İnstitutu

Açıklama yok.

(əvvəli BU LİNKDƏ)

(Məhəmməd Füzulinin anadan olmasının 530 illiyi münasibətilə)

Mənim həmişə işim tək Əlini tərifdir,

Bir özgə işlərə yoxdur könüldə vəqt, məcal.

Mən and içib demişəm yüz kərə Əli həqqi,

Nəcəfdən özgə məni çəkməyir nə şərq, nə şimal.

Füzuli arzu edir müjdeyi-əta eşidə,

O da həmişə yaza böylə mədhi – Heydərü Əli.

M.Füzulinin tərənnüm etdiyi gözəl, öz təbirincə desək misilsiz təsir qüvvəsinə malik ideal gözəldir. O elə gözəgörünməz lətafətə malikdir ki, onun lətafətinin çoxluğunu idrak nəzərə alsaydı hiss qüvvələri zəifləyərdi. Bədr zühurunu onun camalı ilə kamala yetirmişdir. O bir gözəllik sahibidir ki, baxışı, xətti, xalı, qəddi ilə aşiqləri cəlb etmişdir. Məlahətdə yeganədir. Bir işıqlı ulduzdur

ki, səyyarələrin mərkəzindən ən uzaq nöqtəyə çatmışdır. Qaməti bir şaxədir ki, ruh bağçasında aşiqlərin göz yaşı ilə artmış, böyümüşdür. Bu və ya buna bənzər beytlərində şair “vahid dost”unu (Yaradanı) xüsusi qüvvət və ehtirasla yüksəklərə qaldırır. “Füzuli eşqinin mənasını hərtərəfli aydınlaşdırmaq üçün çox mühüm bir məsələni də nəzərə almaq lazımdır”.

M.Füzulinin qəsidələrindəki eşq-məhəbbət fəlsəfəsi dərin ictimai, əxlaqi mənaya malikdır. M.Füzulinin şeirlərində xalqın zəmanədən narazılıq, həyatdan şikayət motivləri mühüm yer tutur. Orta əsr mühiti, rəzalət və riyakarlıq xalq kimi şairə də o qədər iztirab vermişdir ki, bəzən fikirlərində dünyada düzlük olmadığı qərarına gəlmişdir.

Rəhm qıl, rəhm xəlqə kim, Həqdən

Bulasan aqibət cəzayi-əməl.

Xəlqə sən rəhm qılmayınca, sana

Rəhm qılmaz Xudayi-əzzə və cəll.

M.Füzuli qəsidələrində və ya “Şikayətnamə” əsərində hakimlərin, zülmkar şahların hakimiyyəti altında yaşayan xalqın həmişə əzab-əziyyətdə olacağına işarə edərək “Vay olsun o məmləkətin halına ki, hakimi zalimdir” – deyir. Füzulinin böyüklüyü bundadır ki, o, nədən yazır-yazsın, ictimai hadisələrə biganə qalmamış, zamanın nəbzini tuta bilmişdir.

Füzulinin qəsidələrində əxlaqi fikir və qayələr də mühüm yer tutur. “Böyük mütəfəkkirin eşqi, məhəbbəti insan həyatının, insan qəlbi və hisslərinin əsas qayəsi saydığını, eşqin şairin yaradıcılığında tərənnüm edilən başlıca motiv olduğunu demək olar ki, Füzuli irsini tədqiq edən bütün alimlər söyləyirlər. Bu füzulişünaslıqda şəksiz-şübhəsiz qəbul edilmiş bir məsələdir”. Müxtəlif əxlaqi prinsip və qayələrin toqquşduğu bir cəmiyyətdə yaşayıb-yaradan şair bu məsələyə

etinasız qala bilərdimi? Hər şeydən əvvəl qeyd etmək lazımdır ki, Füzuli bütün varlığı ilə ülviləşdirdiyi, ləkəsiz bir gövhər qədər saflaşdırıcı məhəbbəti ən yüksək əxlaqi sifət sayır, ilahi eşqi bütün dünya eşqinin fövqündə tutaraq, başqa

xoşagəlməz əməlləri şeytani əməl olduğunu göstərərək yaramaz işlərdən uzaqlaşmağı məsləhət görür.

Günahdır eşqdən özgə əməllərin hamısı

Eyib deyilmi, günah işləyib, olum rüsva?

Qəsidələrdə həsəd əhli, paxıl və alçaq adamlar xeyirxah insanlara, nəcib və ali şəxslərə qarşı qoyulur. Burada təmiz əxlaqi sifətlərə malik insanlar çirkin adamların fasiləsiz hücumuna məruz qalırlar.

Məzəmmət əhli bizi dəhrdə edər təhqir,

Nə vəsldən bir əsər var, nə rəhmdən bir əsər.

Yaxud:

Kədərlənir ürəyim tənələr eşitdikcə,

Odur ki, dinləmirəm təni, vermirəm məna.

M.Füzuli hər bir qəhrəmanını lirik üslubda təsvir edir. Hadisələri daha çox prosesdə qələmə alan Füzulinin qəhrəmanları daxilən yetişir, mənəviyyatca tamamlanırlar. Füzulinin yaradıcılığındakı surətlərin çoxu köməksizdir. Daxilənböyük, namuslu və vicdanlı insanlar əksərən tək, kimsəsiz təsvir olunur. Mərd insanların köməksizliyi bir neçə səbəblə əlaqədardır. Əvvələn Füzuli göstərmək istəmişdir ki, bu insanları köməksiz edən yaltaqlıqdan, paxıllıqdan uzaq olmaları, namuslu əməklə yaşamaları, heç kimə boyun əyməmələridir. Füzuli həyatın hər növ haqsızlıqlarına “ədalətsizliyə, hüquqsuzluğa, zorakılığa qarşı” daim qiyam

qaldırmışdır.

Riyakarlıq və paxıllıq kimi pis əxlaqi sifətlərin tənqidinə Füzulinin qəsidələrinin, demək olar ki, əksəriyyətində rast gəlmək mümkündür. “Vay olsun o şəxsə ki, riyakarlıqla ömür keçirir” – deyən şair belə şəxslərə, hətta nəsihət etməyi də yersiz hesab edir: xeyirxah və nəcib insanları onlardan çəkinməyə çağırır:“Çirkin adamların müaşirətindən həzər et” – deyir.

M.Füzuli “insanın əxlaqi keyfiyyətlərinə yüksək qiymət vermiş”, insanın əxlaqının təmizliyindən danışaraq böyük bir nəsihətçi, müdrik ustada çevrilmişdir: “zatən təbiətim alçaq işlərdən uzaqdır”, “fəsad işlərə adət etmədim”, “qəlbim

həmişə həqiqətə mail olmuşdur”, “məcaz zəncirlərinə müqəyyəd olmadım” – deyərək oğurluq, tamahkarlıq, mütilik kimi sifətləri ifşa edir, faydalı, vəfalı, ədəbli olmağı, fəsad işlərdən uzaq olmağı təbliğ edir, insanları sədaqətə, etibarlılığa, ata- anaya, Vətənə, torpağa, eşqə, məhəbbətə, öz ülvi duyğularına sədaqətə çağırır.

Çox zaman fikirlərini açıq söyləyə bilməyən Füzuli zəmanədən narazılığı cananın cövr və cəfasında çəkdiyi əziyyət və işgəncə pərdəsi ilə örtürdü.

Zamanında hər bir arzunun maniələrlə pərdələndiyini gördükdə kədərlənir, bir çıxış yolu tapa bilmədikdə cəmiyyətdən uzaqlaşıb gizlində yaşamaqla nicat tapacağına ümid bəsləyirdi. “Paxıllıqdan, cəmiyyətdən uzaqlaşmaqla bir mağarada gizləndim, düşmənlərin qorxusunu bilməmək üçün mənə bu qələdə doğru yol göstərildi”. Belə mistik motivlər Füzuli dövründə olan ictimai bərabərsizliyin, zülm və əsarətin nəticəsidir. Məhz bu cür haqsızlıqlar şairi “faniyi-mütləq”ə sığınmağa məcbur edir.

Gətirdi təngə nakəslər məni, arzum budur daim,

Nə mən bir kəslə, nə də bir kəs mənimlə aşina olsun.

Fəqət, hümmət məni istər görə dünyadə müstəğni,

Təbiətcə o istər hər gəda padişah olsun.

Gəda tək ummaram pay süfrəsindən hər kəsin, əmma,

Könül istər Əlinin asitanında gəda olsun.

Əgər şair bir tərəfdən kədərlənir, dünyadan əl çəkib “üzlət” aləminə (bir tərəfə çəkilib təkbaşına oturma mənasında) sığınmağa can atırsa, digər tərəfdən zülm və haqsızlıqlar dünyasında özünü bütün çırkinliklərin fövqündə tutur, sənətinə, qüvvəsinə, ideyalarının qüdrətinə, fənası olmayan bir bəqaya çatacağına o qədər inanır ki, bu hal onu sevindirir. Füzulinin “fikrincə, insan faydalı əməlləri ilə cəmiyyətə xeyir verməyi bacarmalı, bununla da özünü tanıtdırıb, etibarlı mövqe kəsb etməlidir. Əks təqdirdə onun varlığı kimsə tərəfindən hesaba alınmaz”.

Qeyd edək ki, “Füzulinin əsərlərindən xoşlanmayan adamlar” da olmuşdur. Şairin şeirlərindən danışan bəzi “tədqiqatçılar” şairin qəzəl və qəsidələrini “sönük”, “hissdən məhrum”, “yaxşı şeir vəsfinə layiq olmayan önəmsiz” əsərlər kimi qələmə verməyə cəhd edirlər. Təbii ki, fikirlərin elmi həqiqətdən uzaq olduğunu iddia etməyə kifayət qədər əsas vardır. M.Füzulinin adı nəinki Azərbaycan, bütün Şərq və Qərb üçün doğma və əzizdir.

(ardı var)

Medianın İnkişafı Agentliyi — Vikipediya

Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği


MANŞET XƏBƏRLƏRİ