Zəmanəsinin və zəmanəmizin böyük şairi Məhəmməd


Kamal Camalov,

Pedaqogika elmləri doktoru, professor

Azərbaycan Respublikasının Əməkdar müəllimi

Naxçıvan Müəllimlər İnstitutu

Açıklama yok.

(Məhəmməd Füzulinin anadan olmasının 530 illiyi münasibətilə)

Şərq mədəniyyətini qiymətli inci əsərləri ilə zənginləşdirən ustadlardan biri də Məhəmməd Füzulidir. Hərtərəfli biliyə malik, insana ilahi məhəbbət aşılayan, oxucusunu ülvi ideyalarla yaşamağa çağıran və pedaqoji fikrin inkişafında müstəsna yer tutan Məhəmməd Füzuli gahdan bir elm adamı kimi, gahdan astronom kimi, gahdan psixoloq, filosof kimi, gahdan bioloq kimi, gahdan həkim kimi, gahdan da musiqiçi kimi bəşər mədəniyyəti tarixində silinməz izlər buraxmışdır. Təbii, deyə bilmərik ki, Füzuli elmin müəyyən bir sahəsinə aid xüsusi bir əsər yazmışdır. Lakin hər bir əsərində rast gəldiyimiz fikirlər və mülahizələr bizə onu deməyə əsas verir ki, Füzuli elmi təfəkkürün pik nöqtəsində dayanmışdır.

M.Füzulinin əsərlərini oxuduqca görürük ki, Füzuli həm də yüksək mülahizəyə malik bir pedaqoq olmuşdur. Füzuli öz elmi və düşüncələrini irəli sürərkən lazım gələndə Sokratdan, Platondan, Aristoteldən, Miletli Falesdən, Anoksaqordan,

Miletli Empedokldan, Pifaqordan, Plutarxdan, Heraklitdən, İbn Sinadan, digərlərindən də sitatlar gətirir və bu kimi alimlərin fikrini ehtiramla şərh edir. Qeyd etmək lazımdır ki, Məhəmməd Füzuli ilk öncə panteistdir. O, hər bir varlıqda, hər bir hadisədə Allahın təzahürünü, onun özünü görür, bu bütün müqəddəs varlıqlara, ilahi şəxsiyyətlərə – Məhəmməd Peyğəmbərə, həzrəti Əliyə, onun övladları imam Həsənə, imam Hüseynə çox böyük ehtiramla bəhs edir.

Deməli, Məhəmməd Füzuli belə qənaətə gəlir ki, Allah hər şeydə vardır, o hər şeydə mövcuddur, buna görə də əslində gizlin deyildir. M.Füzuli sevmək üçün nəcib sifətlər, zəngin mənəviyyat, əhdə vəfalı olmağı təbliğ edirdi. Əxlaqın mənşəyi və mahiyyətini düzgün aydınlaşdıran Məhəmməd Füzuli belə nəticəyə gəlir ki, əgər məsələ ata sözünü və ya müdrik sözləri sadəcə əzbərləməkdən ibarət olsaydı, onda əxlaq tərbiyəsinə ehtiyac qalmazdı, retsep və düsturlar verməklə cəmiyyətdəki əxlaqi qəbahətləri asanlıqla aradan qaldırmaq olardı. Əxlaqi prinsip və qayələrin toqquşduğu bir cəmiyyətdə yaşayıb-yaradan Məhəmməd Füzuli həyatın hər növ haqsızlıqlarına: ədalətsizliyə, hüquqsuzluğa, zorakılığa qarşı daim qiyam qaldırmışdır.

Lütfün əlası sözün mənasını bilməkdir – deyən Məhəmməd Füzuli az sözlə nəcib insani xüsusiyyətləri obrazlı şəkildə ifadə etmişdir. Söz sənətinin dahi ustadı “Füzuli özünün az bir zamanda böyük şöhrət qazanmasına baxmayaraq, biliksiz şeirin təməli olmadığını bilərək, elmləri dərindən öyrənməyə başlamışdır”.

Bədii təfəkkür dairəsi geniş və zəngin olan Füzuli qəzəl, qəsidə, tərcibənd, tərkibbənd, müxəmməs, təxmis, mürəbbe, qitə və s. geniş istifadə etmişdir. Füzuli “şeirə hər şeydən əvvəl, həyatın məhsulu, “qəlb xəzinəsinin gövhəri” kimi baxır”.

Fikrin obrazlı şəkildə ifadəsi, az sözlə geniş məna vermək qabiliyyəti şairin qəsidələrinə də aid xüsusiyyətlərdəndir. Şərq klassik poeziyasının bütün şəkli xüsusiyyətlərindən özünə məxsus bir sənətkarlıqla istifadə edən Füzuli əsərlərini boş və mənasız sözlərlə doldurmaqdan çəkinmiş, ərəb, fars və Azərbaycan dilinin zəngin xüsusiyyətlərini mənimsəyərək hər sözünə, hər bir ifadəsinə dərin məna və orijinal xüsusiyyətlər verməyə çalışmışdır. Şərqşünas Bertelsin dediyi kimi, bu qəsidələr məntiqcə bitkin, bədii cəhətcə bütövdür. Bu qəsidələrin beytlərinin yerini dəyişdirmək qeyri-mümkündür. Öz hisslərini bədii nitqi ilə ifadə etmək bacarığı Füzuli qəsidələrinə xüsusi gözəllik verərək şeirin məna dairəsini genişləndirmişdir. Bədiiliyin pedaqoji-psixoloji və fəlsəfi sirləri qeyd etdiyimiz kimi Füzulinin şeirlərində öz ifadəsini tapmışdır. Bütün bunlar şairin qəsidələrini yüksək qiymətləndirməyə haqq verir.

Hər bir füzulişünasa aydındır ki, Füzuli bütün yaradıcılığı boyu çalışmışdır ki, ərsəyə gətirdiyi əsər özündən əvvəlki və müasirlərinin əsərlərinə bənzəməsin.

Bu fikirlə bağlı Füzuli yazır: “Qəzəlin özünəməxsus bir dili və müəyyən bir kəlmə aləmi vardır. Təsadüfən, məndən əvvəl gələn şairlərin hamısı yüksək anlayışlı, dərin düşüncəli insanlar imiş. Qəzəl üslubuna yarayan hər gözəl ibarəni, incə məzmunu elə işlətmişlər ki, ortada bir şey qalmamışdır. İnsan onların bütün yazdıqlarını bilməlidir ki, çalışıb vücuda gətirdiyi əsərlərdə özündən əvvəl söylənən mənalar olmasın. Elə vaxtlar olmuşdur ki, gecə səhərə qədər oyaqlıq zəhərini dadmış və bağrımın qanı ilə bir məzmunu tapıb yazmışam. Səhər olanda başqa şairlərlə uyğun gəldiyini görüb, yazdığımı pozmuşam, ona sahib çıxmamışam (şeirlərim sırasına salmamışam). Elə vaxtlar da olmuşdur ki, gündüz axşama qədər düşüncə dəryasına dalıb, söz almazı ilə məna gövhərini deşmişəm.

(Bunu görənlər:) bu məzmun anlaşılmır, bu ləfz xalq arasında işlənilmir və xoşagəlməzdir – deyər-deməz, o məzmun gözümdən düşmüş, hətta onun üzünü köçürməmişəm”.

Şərq ədəbiyyatında qəlb şairi, eşq və məhəbbət nəğməkarı kimi tanınan Füzulinin şeirlərinə qida və can verən yeganə amil və hərəkətverici qüvvə məhəbbətdir.

Dil yaxşıdır ki, Allahın birliyini söyləsin,

Əgər elə olmasa, ağızda dil olmasa yeydir.

Eşq olsun o kamil yaradana ki, iki aləm də,

Onun cızmış olduğu kainatın əbədi naxışıdır.

Bu beytlər yüksək məhəbbətlə sevən bir aşiqin real duyğularıdır. Füzuli Allaha xitabən deyir ki, sən yəqinsən, bəsbəllisən, zənnə, təqlidə gülmək lazımdır.

“Doğrudan da, şair məşuqun sifətindən danışanda, o həqiqi sevgilinin ehtiyacsızlığının kamalını göstərərkən sadiqdir...” – deyir. Füzuli deyir ki, hər kim ruhun bədəndə necə zahir olmasını, ruh ilə bədənin eyniyyət və fərqlənmə cəhətlərini bilsə, Tanrının da şeylərdə necə zahir olmasını, Tanrı ilə şeylərin eyniyyət və fərqlənmə cəhətlərini bilər və beləliklə, hər kim “özünü tanısa Tanrısını da tanıyar”.

İslamiyyətin dini prinsipləri şairin əxlaqi görüşlərində üzə çıxır. Mütərəqqi fikirlər təbliğ edən şairin dini əsərlərində belə (“Hədiqətüs-süəda”, “Məslə ül-etiqad” və s.) şairin humanist ideyaları, həyati əməlləri oxucunu təsir altında saxlayır.

M.Füzulinin sevgisi və ya sevgilisinə iki aspektdən yanaşa bilərik. Birinci sevgisi Ulu Tanrı və ya ilahi məhəbbətə, sonra Məhəmməd Peyğəmbərə, Həzrəti Əliyə və onun övladları imam Həsən və imam Hüseynə əsaslanır ki, biz bunları mütləq ruh adlandırırıq, cismani sevgi, həmçinin ilahi bir varlıq sayırıq. Füzuli öz divanına Əlini mədh edən qəsidə ilə başlayır. Əlini ibtidasız əvvəl, sonsuz axır, peyğəmbərə yardım edən, vəlilərin görən gözü, üzünün nurlu parıltısı ilə, öz ziyasından bir günəş yaradan haqq ilə olan adlandırır, haqqın ondan göründüyünü, haqq ilə əbədi olduğunu söyləyir və qəsidənin bir yerində “Ali-Əba”dan danışır, onlara and içir.

(ardı var)

Medianın İnkişafı Agentliyi — Vikipediya

Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği


MANŞET XƏBƏRLƏRİ