Blinken razılaşmaya ümidlidir: “HƏMAS-a səxavətli təklif etdik”


ABŞ dövlət katibi Blinken Ər-Riyaddakı bəyanatlarında HƏMAS-a “səxavətli” atəşkəs layihəsi təqdim edildiyini bildirsə də, HƏMAS rəsmilərinin “ciddi problem olmadığını” ifadələri Qəzzada atəşkəs ümidlərini yenidən alovlandırdı.

Turkustan.az xəbər verir ki, dünyanın bir çox ölkələrindən, xüsusilə də region ölkələrindən yüksək səviyyəli nümayəndələr Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda Dünya İqtisadi Forumunun (WEF) sammiti üçün bir araya gəlib. Qəzza müharibəsi sammitin ən mühüm mövzusu olsa da, İsrailin dəvət olunmadığı sammitdə mümkün atəşkəs və uzunmüddətli həll planları kontekstində bir çox görüş keçirilib. Oktyabrın 7-dən bəri yeddinci Yaxın Şərq turu çərçivəsində Ər-Riyada gedən ABŞ dövlət katibi Antoni Blinken də mümkün Rəfah əməliyyatı, atəşkəs razılaşması və İsrail-Səudiyyə Ərəbistanının normallaşması ilə bağlı qiymətləndirmələr edib.

HƏMAS-a göndərilən son təklifi "İsrail üçün fövqəladə səxavətli" olaraq xarakterizə edən ABŞ-lı nazir, qrupun "tez qərar verməsi lazım olduğunu" ifadə edərək əlavə edib: "Ümid edirəm ki, düzgün qərar verəcəklər". Mümkün atəşkəs razılaşması ilə sahədə "dinamikada köklü dəyişiklik" ola biləcəyini qeyd edən Blinken, bölgədə humanitar yardımların artırılması üçün atəşkəsin əldə olunmasını gözləməməli olduqlarını söylədi. Blinkenlə eyni tədbirdə çıxış edən Misirin xarici işlər naziri Semih Şükri, Blinkenin açıqlamalarına paralel olaraq, HƏMAS-a təqdim edilən təklifin “hər iki tərəfin mövqeyini nəzərə aldığını” ifadə edərək, razılaşmanın əldə olunmasına “ümid etdiyini” bildirib.

Ər-Riyad və Təl-Əviv arasında normallaşmanın təmin edilməsi üçün ABŞ-ın təmaslarına toxunan Blinken Vaşinqton administrasiyasının Səudiyyə Ərəbistanına verəcəyi təhlükəsizlik zəmanətləri paketinin demək olar ki, tamamlandığını bildirib. Blinken "Ancaq bundan sonra normallaşmaya nail olmaq üçün Qəzzada əmin-amanlığın təmin edilməsi və Fələstin dövlətinin qurulması üçün etibarlı bir yola ehtiyac var" deyərkən, səudiyyəli həmkarı Faysal bin Fərhan eyni tədbirdə çıxış edib. ABŞ-Səudiyyə razılaşması "çox yaxındır". Vaşinqton administrasiyası Ər-Riyad və Təl-Əviv arasında normallaşmanı təmin etmək üçün Səudiyyə Ərəbistanına hərbi ittifaq tipli təhlükəsizlik zəmanətləri verməyi planlaşdırır. Buna cavab olaraq o, İsraildən müstəqil Fələstin dövlətinin yaradılmasına razılıq verməsini istəyir.

Blinkenin çıxışında toxunduğu digər məsələ İsrailin Rəfah şəhərinə qarşı mümkün əməliyyatı olub. İsrail, ABŞ-ın şəhərdəki təxminən 1,5 milyon köçkün fələstinli mülki vətəndaşın zərər görəcəyi səbəbiylə qarşı çıxdığı əməliyyata hazırlıqlarını davam etdirir. İsrail rəsmilərindən mülki şəxslərin təxliyəsi üçün planların hazırlandığına dair açıqlamalar olsa da, Blinken dünən "Mülkilərin təsirli şəkildə qorunacağına əminlik verən bir plan görmədik" dedi.

ABŞ naziri Blinkenin "İsrail üçün çox səxavətli" adlandırdığı atəşkəs razılaşması layihəsi dünən Qahirəyə gedən Həmas heyəti tərəfindən Misir və Qətər rəsmiləri ilə müzakirə edilib. AFP-yə danışan yüksək rütbəli Həmas rəsmisi razılaşmanın təfərrüatları ilə bağlı "ciddi problemin olmadığını" və İsrailin maneə yaratmayacağı təqdirdə atmosferin müsbət göründüyünü deyib.

Amerika Axios xəbərləri saytına danışan İsrail mənbələri, müharibə başlayandan bəri ilk dəfə olaraq Təl-Əviv rəhbərliyinin “daimi sülhün bərqərar olması” üçün danışıqlara açıq olduğunu bildirib. Həmas daimi atəşkəs, İsrail qüvvələrinin Qəzzadan tamamilə çıxarılması və məcburi köçkün fələstinlilərin Qəzzanın şimalına qayıtması ilə bağlı prosesin başlanmasından bəri heç bir güzəştə getməsə də, yeni razılaşmanın imzalanması üçün uyğun olduğu ifadə edilir.

- Misir mətbuatının yazdığına görə, iki mərhələli razılaşma ilk olaraq 3 həftəlik atəşkəs və 30 israilli məhbusun azad edilməsini nəzərdə tutur. İsrail isə sayı hələ dəqiqləşdirilməmiş fələstinli məhbusları azad edəcək.

- İkinci mərhələdə 10 həftəlik atəşkəs və tərəflərin danışıqlar aparacağı daha geniş məhbus mübadiləsi nəzərdə tutulur. Bundan əlavə, ən azı 300 min fələstinlinin Qəzzanın mərkəzi və şimal hissələrinə qayıtması planlaşdırılır.

Eltac Zülfüqaroğlu/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ