Zəngəzur–Naxçıvan xətti: imperiya sərhədlərinin sonu


Cənubi Qafqazda sərhədlər dəyişmir, amma sərhədləri müəyyən edən imperiya məntiqi dağılır. Naxçıvan ətrafında baş verən son proseslər də məhz bunu göstərir. Söhbət xəritənin yenidən çəkilməsindən yox, xəritəni çəkənlərin oyundan çıxmasından gedir.

Bu həqiqət ABŞ-da yayımlanan Eurasia Daily Monitor nəşrində politoloq Paul Goble tərəfindən açıq şəkildə ifadə olunub. Onun yazısında əsas fikir belədir:

“These moves effectively abrogate the Moscow and Kars treaties and put the borders and status of the Nakhchivan Autonomous Republic under Baku’s sole discretion.”

(Bu addımlar faktiki olaraq Moskva və Qars müqavilələrini qüvvədən salır və Naxçıvan Muxtar Respublikasının sərhədlərini və statusunu tam şəkildə Bakının ixtiyarına verir.)

Bu cümlə sadəcə hüquqi şərh deyil. Bu, bir əsrlik imperiya konstruksiyasının sonunun elanıdır.

1921-ci il Moskva və Qars müqavilələri Naxçıvanı Azərbaycanın tərkibində saxlayırdı, amma onun taleyinə tam sahib çıxmağa imkan vermirdi. Moskva və Ankara “zəmanətçi” idi. Bu isə əslində suverenlik yox, nəzarət mexanizmi idi. Xüsusən Moskva üçün. Stalin dövründə Zəngəzurun Naxçıvanla Azərbaycanın arasına salınması təsadüf deyildi. Məqsəd Türkiyə ilə türk dünyası arasında quru əlaqəni kəsmək, Azərbaycanı coğrafi baxımdan parçalamaq idi.

İndi isə Naxçıvan konstitusiyasından bu müqavilələrə istinadın çıxarılması həmin mexanizmin sökülməsi deməkdir. Bu addım Moskvanın hüquqi alətini əlindən alır. Türkiyə üçün isə problem yaratmır. Çünki Ankara artıq öz mövqeyini tarixi sənədlərlə yox, real müttəfiqliklə qoruyur. Azərbaycan–Türkiyə münasibətləri zəmanətə ehtiyac duymayan mərhələyə keçib.

Paul Goble məqaləsində bu prosesi daha geniş kontekstdə qiymətləndirir və Naxçıvanı ABŞ-ın təşviq etdiyi yeni nəqliyyat arxitekturasının əsas hissəsi kimi göstərir:

“This constitutional change opens the way for future changes in either [status or borders].”

(Bu konstitusion dəyişiklik gələcəkdə həm status, həm də sərhədlərlə bağlı dəyişikliklər üçün yol açır.)

Burada qorxulu olan sərhəd dəyişikliyi deyil. Qorxulu olan imperiya mərkəzlərinin nəzarət imkanlarını itirməsidir. Məhz buna görə Moskva və Tehran bu prosesi “təhlükə” kimi təqdim edir. Halbuki faktiki olaraq baş verən Azərbaycan daxilində hüquqi asimmetriyanın aradan qaldırılmasıdır. Naxçıvanın “xüsusi nəzarət zonası” statusundan çıxarılması.

Zəngəzur–Naxçıvan xətti artıq təkcə Azərbaycan üçün deyil, Çin, Avropa İttifaqı və ABŞ üçün də əhəmiyyətli marşruta çevrilir. Bu xətt nə qədər açıq və funksional olarsa, Moskvanın region üzərindəki təsir rıçaqları bir o qədər zəifləyir. Rusiya bunu anlayır və məhz buna görə narahatdır.

Bu proses bir günün işi deyil. Amma istiqamət aydındır. Cənubi Qafqaz post-imperiya mərhələsinə daxil olur. Zəmanətçilər kənara çəkilir, dövlətlər isə öz məsuliyyətini öz üzərinə götürür. Naxçıvan bu baxımdan periferiyadan mərkəzə doğru hərəkət edir.

Zəngəzur–Naxçıvan xətti yalnız nəqliyyat marşrutu deyil. Bu xətt imperiya sərhədlərinin çəkildiyi dövrün bağlanmasıdır. Moskva zəmanətçi rolunu itirir. Ankara bu rola artıq ehtiyac duymur. Bakı isə öz dövlət məkanını tarixdən qalma hüquqi qandallardan azad edir.

Bu, xəritənin dəyişməsi deyil. Bu, xəritəni dəyişənlərin oyundan çıxmasıdır.

Elbəyi Həsənli. Sürix

https://jamestown.org/moscow-and-ankara-to-lose-status-as-guarantors-of-azerbaijans-nakhchivan/?fbclid=IwY2xjawP2e_FleHRuA2FlbQIxMQBzcnRjBmFwcF9pZBAyMjIwMzkxNzg4MjAwODkyAAEec7u0NInT_zIY4ii2WjbFU2UWvA8o08nXe_29P-XuZabVRtrRW_dyKa9sJUI_aem_sNu7neA_7_Hf1pk8XsuJrA
jamestown.org


MANŞET XƏBƏRLƏRİ