2025-ci ilin aprel ayında dərc olunan Dövlət Statistika Komitəsinin 2024-cü il üzrə bələdiyyə büdcəsinin icrası barədə məlumatına əsasən, ölkə üzrə bələdiyyələrin büdcə gəlirləri əvvəlki illə müqayisədə təxminən 7,9 milyon manat artaraq (14,4%) ilk dəfə 63 milyon manata yaxın vəsait təşkil edib.
Turkustan.az-ın məlumatına görə, bu, Milli Məclisin Regional məsələlər komitəsinin bugünkü iclasında bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi zamanı bildirilib.
Belə ki, bələdiyyələrin vahid informasiya sistemindən əldə olunan məlumatlara əsasən, 2025-ci ilin yekunları üzrə bu göstəricinin 60 milyon manat həddini keçməsi proqnozlaşdırılır. (Dəqiq məlumatlar Dövlət Statistika Komitəsi tərəfindən 2026-cı ilin birinci rübündə açıqlanacaq.)
Həmin məlumatlardan görünür ki, 2025-ci ildə əksər bələdiyyələrin büdcə daxilolmalarında müsbət nəticələrə nail olunmuş və 2024-cü illə müqayisədə yerli büdcələrə torpaq və əmlak vergisindən təxminən 26% (7,2 milyon manat) çox vəsait daxil olmuşdur.
Statistik rəqəmlər baxımından ümumi gəlirlərində kəskin artım Duran, Daş Salahlı, Samux, Yardımlı, Müşkabad bələdiyyələrində müşahidə olunmuşdur. Daxilolmalardakı artım məbləğinin yüksəkliyi baxımından isə Sumqayıt (841 min manatdan çox), Yasamal (574 min manatdan çox), Nərimanov (533 min manatdan çox), Nəsimi (481 min manatdan çox) və Masallı (423 min manatdan çox) bələdiyyələrini fərqləndirmək mümkündür.
Yerli özünüidarəetmə orqanlarının dayanıqlı gəlir mənbələrinin formalaşdırılması, əhalinin məşğulluğunun təmin olunmasında bələdiyyələrin iştirakının genişləndirilməsi məqsədilə Ədliyyə Nazirliyi tərəfindən aparılan metodiki işlər davam etdirilmişdir. Bu sahədə bələdiyyələrlə aparılan ardıcıl iş nəticəsində 2025-ci ildə 4 yeni bələdiyyə müəssisəsi — Gədəbəy bələdiyyəsi (“Yaşıl Gədəbəy”), Xol Qarabucaq bələdiyyəsi (“Zəfər-Agro-2025”), Oğuz bələdiyyəsi (“Oğuz-2025”), İsmayıllı bələdiyyəsi (“İsmayıllı Aqrar və Təmir-Tikinti Xidmət İdarəsi”) yaradılmışdır. Həmin müəssisələrin əsas fəaliyyət istiqamətləri kənd təsərrüfatı məhsullarının istehsalı və satışı, təmir-tikinti işlərinin aparılması və s. məsələləri əhatə edir.
Ötən illərdə yaradılan müəssisələrin fəaliyyətinin canlandırılması və irəlidəki dövrdə yenilərinin yaradılması istiqamətində işin aparılması qarşıda duran prioritet istiqamətlərdəndir./modern.az