Çində Donald Tramp, Vladimir Putin və Si Cinpinin iştirakı ilə keçirilən üçtərəfli görüş dünya gündəminin əsas hadisəsinə çevrilib. BMT Təhlükəsizlik Şurasının üç daimi üzvü, eyni zamanda dünyanın ən böyük nüvə gücləri bir araya gəlib. Görüş ətrafında müzakirə olunan məsələlərdən biri də nüvə silahlarının azaldılmasıdır.
Turkustan.az xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp nüvə silahlarının azaldılması istiqamətində fəaliyyət göstərilməsinin vacibliyini vurğulayıb.
Bəs dünyanın nüvə silahları kimlərin əlindədir? Hansı dövlətin neçə atom bombası var?
Amerika Alimləri Federasiyasının (FAS) 2026-cı ilə aid hesablamalarına əsasən, dünyada təxminən 12 187 nüvə başlığı mövcuddur. Onların böyük əksəriyyəti cəmi iki dövlətin – Rusiya və ABŞ-ın nəzarətindədir.

Dünyanın 9 nüvə dövlətinin siyahısı belədir:
* Rusiya – 5 420 nüvə başlığı
* ABŞ – 5 042
* Çin – 620
* Fransa – 370
* Böyük Britaniya – 225
* Hindistan – 190
* Pakistan – 170
* İsrail – 90
* Şimali Koreya – 60
Bu rəqəmlər istifadəyə hazır nüvə silahları ilə yanaşı, ehtiyatda saxlanılan və utilizasiyanı gözləyən başlıqları da əhatə edir.
Ən diqqətçəkən məqam budur ki, Çində görüşən üç liderin ölkələri dünya nüvə arsenalının təxminən 91 faizinə sahibdir. Rusiya və ABŞ isə birlikdə bütün nüvə başlıqlarının təxminən 86 faizinə nəzarət edir.
Rusiya nüvə başlıqlarının ümumi sayına görə liderliyini qoruyur. ABŞ ikinci yerdədir. Çin isə üçüncü olmasına baxmayaraq, arsenalını sürətlə genişləndirir.
Maraqlıdır ki, nüvə silahlarının azaldılması çağırışları səslənsə də, böyük dövlətlər öz strateji qüvvələrini modernləşdirməkdə davam edirlər.
Beləliklə, Çin sammitinin əhəmiyyəti təkcə üç böyük dövlətin siyasi və iqtisadi maraqlarını müzakirə etməsində deyil. Dünyanın nüvə silahlarının 91 faizinə sahib olan üç gücün lideri eyni masa arxasında əyləşib.
Bu isə o deməkdir ki, planetin nüvə təhlükəsizliyinin taleyi böyük ölçüdə Moskva, Vaşinqton və Pekinin qəbul edəcəyi qərarlardan asılıdır./Musavat.com