Ermənistanın baş naziri Nikol Paşinyan jurnalist qadının müxalifət və Qarabağ münaqişəsində məhv edilən hərbçilərlə bağlı suallarına sərt reaksiya verib.
Turkustan.az xəbər verir ki, tərəflər arasında yaranan mübahisə məhkəmə hədələri ilə nəticələnib.
Jurnalist Ripsime Cebecyan brifinq zamanı Paşinyandan siyasi opponentlərinə niyə nifrət etdiyini soruşub.
Jurnalist həmçinin Qarabağ münaqişəsində məhv edilən erməni hərbçilərinin fotolarını göstərərək baş nazirə bu qurbanların kifayət edib-etmədiyi barədə sual ünvanlayıb.
Sualdan hiddətlənən Paşinyan jurnalisti təhqir edərək ona bir neçə dəfə “Siz iyrəncsiniz” söyləyib.
Baş nazir jurnalisti və müxalifəti “Yerablur” hərbi məzarlığından siyasi məqsədlərlə istifadə etməkdə ittiham edib.
Paşinyan 44 günlük müharibə zamanı hərbi xidmətdən yayınanları fərari adlandırıb və onların 90 faizinin qaçdığını deyib.
Bundan sonra Cebecyan təhqirə görə məhkəməyə müraciət edəcəyini bildirib. Paşinyan isə öz növbəsində jurnalistə qarşı məhkəmə iddiası qaldırmaq üçün əsas axtaracağını söyləyib.
Hadisəyə Ermənistan Jurnalistlər İttifaqı da sərt reaksiya verib. Təşkilat Paşinyanı media nümayəndələrinə qarşı müharibə elan etməkdə ittiham edib.
İttifaq yaydığı bəyanatda baş nazirin jurnalist Ripsime Cebecyanla mübahisə zamanı işlətdiyi ifadələri və təhqiramiz sözləri pisləyib.
Təşkilat Ermənistan hakimiyyətini jurnalistlərin peşə fəaliyyətini gözdən salmaq və onları qorxutmaq cəhdlərindən çəkinməyə çağırıb.
Bəyanatda bu cür hərəkətlərin söz azadlığına birbaşa zərbə olduğu vurğulanıb./Musavat.com