Smartfonlar gündəlik həyatın ayrılmaz hissəsinə çevrilsə də, bir çox istifadəçi qısa müddətdən sonra batareyanın əvvəlki kimi işləmədiyindən şikayət edir.
Bəziləri bunun telefonun keyfiyyəti ilə bağlı olduğunu düşünsə də, mütəxəssislər batareyanın ömrünü ən çox istifadə vərdişlərinin təsir etdiyini bildirirlər.
Telefonu gecə boyu şarjda saxlamaq, hər dəfə 100 faizə qədər doldurmaq, yüksək temperaturda istifadə etmək və sürətli şarjdan həddindən artıq yararlanmaq kimi vərdişlərin batareyanın resursunu azaltdığı qeyd olunur.
Bəs telefon batareyasının ömrünü uzatmaq üçün hansı qaydalara əməl etmək lazımdır?
Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlama verən İT mütəxəssisi Əmrah Mövsümzadə bildirib ki, batareyanın tez köhnəlməsinə səbəb olan ən böyük səhvlərdən biri telefonun uzun müddət yüksək temperaturda qalmasıdır:
“Xüsusilə oyun oynayarkən və ya ağır tətbiqlərlə işləyərkən, eyni zamanda telefonu şarj etmək batareyaya əlavə yük yaradır. Bundan başqa, batareyanın tez-tez tam boşaldılması və uzun müddət 0 % vəziyyətində saxlanılması onun ömrünü azalda bilər.
Telefonu gecə boyu şarjda saxlamaq əvvəlki nəsil cihazlarda daha ciddi problem yaradırdı. Müasir smartfonlarda isə enerji idarəetmə sistemləri batareya tam dolduqdan sonra şarjı avtomatik tənzimləyir.
Buna baxmayaraq, batareyanı mütəmadi olaraq 100 %-ə qədər doldurmaq və uzun müddət bu vəziyyətdə saxlamaq onun kimyəvi köhnəlməsini sürətləndirə bilər. Batareyanın 20–80 % aralığında istifadə edilməsi uzunmüddətli perspektivdə daha faydalı hesab olunur.
Batareyanın sağlamlığını qorumaq üçün istifadəçilərə orijinal və sertifikatlaşdırılmış şarj cihazlarından istifadə etmələri, telefonu həddindən artıq istidən qorumaları, lazımsız tətbiqlərin arxa planda işləməsinin qarşısını almaları və proqram təminatını mütəmadi yeniləmələri tövsiyə olunur. Eyni zamanda, telefonun soyumasına imkan vermək də batareyanın ömrünü uzadır”.
Mütəxəssis qeyd edib ki, nəticə etibarilə, smartfon batareyasının xidmət müddətini bir neçə il ərzində yüksək səviyyədə saxlamaq mümkündür.