Alimlər min illərlə yaşayan heyvanların adlarını açıqladı


Alimlər planetin ən uzunömürlü canlılarını müəyyənləşdirib və onların uzun yaşamasının sirrini izah ediblər.

Turkustan.az xəbər verir ki, insanlar arasında qeydə alınmış ən yüksək ömür göstəricisi 122 il olsa da, bəzi heyvanlar yüzlərlə, hətta minlərlə il yaşaya bilir. Bəzi canlılar isə potensial olaraq ölümsüz hesab olunur. Uzunömürlü canlıların əksəriyyəti okeanın dərinliklərində məskunlaşıb. Buradakı xüsusi şərait onların qocalma prosesini xeyli ləngidir. Tədqiqatçıların sözlərinə görə, ömür uzunluğuna görə rekordçu canlıların böyük hissəsi soyuq və dərin okean sularında yaşayır. Aşağı temperatur, yavaş maddələr mübadiləsi, zəif işıq və yırtıcıların azlığı onların daha gec qocalmasına şərait yaradır. Məhz buna görə də siyahıda dəniz və okean dərinliklərində yaşayan canlılar üstünlük təşkil edir.

Ən uzunömürlü heyvanlar hansılardır?

Ən uzun yaşayan canlılar arasında bunlar yer alıb:

Seyşel nəhəng tısbağası - 190 ildən çox;

qırmızı dəniz kirpisi - təxminən 200 il;

Qrenlandiya balinası - 200 ildən çox;

“Rougheye Rockfish” növündən olan dəniz xanısı - 200 ildən çox;

Qrenlandiya köpəkbalığı - 400-500 il;

okean kvohoqu adlanan molyusk - 500 ildən çox;

qara mərcan - 4 min ilədək;

şüşə süngər - 15 min ilədək.

Alimlərin xüsusi diqqətini tez-tez “ölümsüz meduza” adlandırılan “Turritopsis dohrnii” növü çəkib. Bu meduza stresslə üzləşdikdə, yaralandıqda və ya qocaldıqda onun orqanizmi inkişafın ilkin mərhələsinə polip vəziyyətinə qayıda bilir. Əlverişli şəraitdə bu proses qeyri-məhdud sayda təkrarlana bilər. Bioloji baxımdan ölümsüz hesab edilən digər canlı isə hidradır. Bu kiçik şirin su canlısının hüceyrələri daim yeniləndiyi üçün orqanizm demək olar ki, qocalmır.

Ən qeyri-adi uzunömürlü canlılardan biri də Qrenlandiya köpəkbalığıdır.

Alimlərin hesablamalarına görə, bu köpəkbalığı təxminən 500 il yaşaya bilir. Dişilər isə yalnız 150 yaşında cinsi yetkinliyə çatır. Bundan əlavə, bu növün hamiləlik müddətinin 8 ildən 18 ilədək davam etdiyi bildirilir. Bu, onurğalı heyvanlar arasında ən uzun hamiləlik müddətlərindən biri hesab olunur. Tədqiqatçılar ümid edirlər ki, planetin bu unikal canlıları haqqında əldə olunan məlumatlar gələcəkdə xəstəliklərin müalicəsi və insanların aktiv ömrünün uzadılması üçün yeni üsulların hazırlanmasına kömək edəcək. Xatırladaq ki, tropik bölgələrdə narıncı dodaqları olan və qurbağa kimi səs çıxaran yeni heyvan növü də aşkarlanıb. Təxminən 20 il davam edən araşdırma yerli sakinlərin “Likvelli” adlandırdığı bu canlının unikal növ olduğunu təsdiqləyib./lent.az


MANŞET XƏBƏRLƏRİ