İnanılmaz hadisə: Yük qatarı maşinistsiz 80 kilometr yol qət etdi


Hindistan Dəmir Yolları rəhbərliyi yük qatarının təxminən 80 kilometr maşinistsiz getməsinə səbəb olanları aşkar etmək üçün araşdırmaya başlayıb.

Turkustan.az xəbər verir ki, sosial şəbəkədə paylaşılan görüntülərdə bəzi stansiyalarda yüksək sürətlə keçən maşinistsiz yük qatarının ölkə daxilində böyük əks-sədası yaranıb.

Yerli mətbuatın məlumatına görə, yük qatarı Kəşmir bölgəsindəki Cammu şəhəri yaxınlığındakı Kathua şəhərindən Pəncabın Hoşiarpur şəhərinə maşinistsiz gedib.

Müstəntiqlər maşinistləri dəyişmək üçün Kathuada dayanan yük qatarının yeni maşinistlər minmədən necə özbaşına yola düşdüyünü araşdırır.

Bildirilib ki, maşinistsiz qatar bazar günü yerli vaxtla səhər saat 07.25-dən 09-a kimi 53 vaqonla hərəkət edib.

Dəmir yolu rəhbərliyi maşinistsiz qatarın dayanması zamanı xəsarət alan olmadığını açıqlayıb.

Euronews Türk telekanalının məlumatına görə, təxminən 100 kilometr sürətlə hərəkət edən qatar səlahiyyətlilər tərəfindən dayandırılmadan əvvəl 5 stansiyadan keçib.

Səlahiyyətlilər relslərin üzərinə taxta kündələr qoyanda maşinistsiz qatar dayana bilib.

Dünyanın ən sıx məskunlaşdığı Hindistanda qatar qəzaları tez-tez baş verir və hər il bir çox insan ölür.

Siqnal sisteminin qeyri-kafi olması ümumiyyətlə qatar qəzalarının əsas səbəblərindən biridir.

Eltac Zülfüqaroğlu/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ