Yaponiya Türkiyə ilə kosmos sahəsində əməkdaşlığı genişləndirəcək


Yaponiya Aerokosmik Tədqiqatlar Agentliyinin (JAXA) rəhbəri Hiroşi Yamakava Türkiyə ilə Yaponiya arasında gələcək əməkdaşlıq üçün kosmos sahəsinin böyük perspektivlər vəd etdiyini bildirib.

Turkustan.az xəbər verir ki, Yamakava bu barədə Türkiyədə keçirilən Beynəlxalq Kosmos Konqresi (IAC 2026) çərçivəsində danışıb.

O qeyd edib ki, IAC 2026 Türkiyə ilə əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün mühüm platformadır.

Beynəlxalq Astronavtika Federasiyası (IAF) tərəfindən təşkil olunan və Anadolu Agentliyinin “Qlobal Kommunikasiya Tərəfdaşı” olduğu konqres Antalya NEST Konqres Mərkəzində keçirilir. Tədbir Türkiyənin Sənaye və Texnologiya Nazirliyinin koordinasiyası, Türkiyə Kosmik Agentliyi (TUA) və SAHA İstanbulun birgə təşkilatçılığı ilə baş tutur.

Yamakava Türkiyənin son illərdə kosmik sahədə mühüm irəliləyişlər əldə etdiyini vurğulayıb. Onun sözlərinə görə, iki ölkə arasında kosmik sektor üzrə əməkdaşlığın daha da genişləndirilməsi mümkündür.

JAXA rəhbəri xüsusilə peyk tətbiqləri sahəsində Türkiyə ilə əməkdaşlıq etdiklərini və bu istiqamətdə əlaqələrin inkişaf etdirilə biləcəyini qeyd edib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ