Son günlər ölkə ərazisində insult və infarkt hallarının kütləvi şəkildə artması müşahid olunur. İsti hava şəraiti xüsusilə ürək-damar xəstəliklərindən əziyyət çəkən şəxslər üçün ciddi təhlükə yaradır.
Mövzu ilə bağlı Modern.az-a açıqlama verən Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini, tanınmış ürək cərrahı Rəşad Mahmudov bildirib ki, baş verənləri yalnız bir amillə izah etmək doğru olmaz, lakin yay aylarında müşahidə olunan yüksək temperatur və rütubət ürək-damar sisteminə əlavə yük yaradır.
Deputatın sözlərinə görə, isti havanın orqanizmə mənfi təsirləri bilavasitə kəskin tutmalara yol aça bilər:
"İsti havada orqanizm daha çox maye itirir, nəticədə qan qatılaşmağa meyllənir və ürək daha intensiv işləməyə məcbur olur. Bu vəziyyət xüsusilə arterial hipertenziyası, şəkərli diabeti, aterosklerozu, ürək ritm pozğunluğu və digər kronik ürək-damar xəstəlikləri olan insanlarda infarkt və insult riskini kəskin artırır.
Bundan əlavə, elektrolit balansının pozulması, kondisionerli mühitdən kəskin istiyə çıxmaq, fiziki gərginlik və kifayət qədər su qəbul etməmək də riski yüksəldən əsas amillərdəndir. Həkim olaraq deyə bilərəm ki, isti hava bu xəstəliklər üçün ciddi risk faktorudur, lakin yeganə səbəb deyil".
