Qızılca ilə bağlı HƏYƏCAN TƏBİLİ – Yalnız bu yolla qarşısını almaq olar


Dünyanı cənginə alan qızılca kabusu Azərbaycanı da təsir edib. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) son hesabatı ölkəmiz üçün acınacaqlı mənzərəni ortaya qoyub. Azərbaycan qızılca xəstəliyinin tamamilə kökünün kəsildiyi ölkələr siyahısından çıxarılaraq, xəstəliyin fasiləsiz yayıldığı ölkələr qrupuna daxil edilib.

Bir ölkədə qızılca virusu bir ildən artıq müddətdə davamlı olaraq sirkulyasiya edirsə, həmin ölkə "qızılcadan azad zona" statusunu itirir. Azərbaycanla yanaşı, Böyük Britaniya, Avstriya və qonşu Ermənistan da eyni aqibəti yaşayır.

Əsas səbəb isə birdir: vaksinasiyadan imtina.

Mütəxəssislər xəbərdarlıq edir ki, qızılca zəncirini qırmaq üçün uşaqların 95%-i mütləq şəkildə iki doza peyvənd (MMR) almalıdır. Lakin Avropada və ölkəmizdə valideynlərin peyvəndlərə qarşı "fobiya"sı və inamsızlığı bu rəqəmin aşağı düşməsinə, nəticədə isə epidemiyanın alovlanmasına səbəb olub.

1 il ərzində 2 dəfədən çox yoluxma statistikası qorxuncdur: 2024-cü ildə Avropa regionunda 149 min yoluxma faktı qeydə alınıb. Bu, əvvəlki illə müqayisədə kəskin artım deməkdir. Azərbaycanda da ötən tədris ilindən bəri məktəblərdə və bağçalarda qızılca səbəbindən dərslərin dayanması, ağırlaşma və ölüm hallarının baş verməsi kollektiv immunitetin nə dərəcədə vacib olduğunu bir daha sübut etdi.

Yerli infeksionistlər bildirirlər ki, qızılca sadə bir uşaq xəstəliyi deyil. O, ağır pnevmoniya, beyin iltihabı (ensefalit) və ömürlük fəsadlar verə bilər.

Tək çıxış yolu isə elmi cəhətdən təsdiq olunmuş vaksinasiyadır.

Mövzu ilə bağlı Bizim.Media-ya danışan həkim-infeksionist Mərdan Əliyev deyir ki, qızılca xəstləyi peyvəndlə tam qarşısı alına biləcək bir xəstəlikdir:

“Peyvənd olunmaqla xəstəliyə qarşı daimi immunitet yaranır. Çox təəssüf ki, peyvəndlə bağlı bizdə problem var. Əvvəllər peyvənd məcburi idi. İndi isə könüllüdür. Könüllü olduğu üçün də çoxları uşaqlarına peyvənd vurdurmurlar.

Nəzərə alaq ki, rutin peyvəndlərin içində qızılca da var. 1 və 6 yaşda uşaqları qızılcaya qarşı peyvənd edirlər. Son illərdə çox valideynlər uşaqlarını peyvənd etdirmədikləri üçün də qızılca xəstəliyinin sayı artıb”.


MANŞET XƏBƏRLƏRİ