Dünən təşəkkür etmişdilər, bu gün raket atdılar - Tehran Ankaraya nə mesaj verir?


Xəbər verdiyimiz kimi, İrandan Türkiyəyə növbəti dəfə raket atılıb.

Türkiyə Milli Müdafiə Nazirliyinin məlumatına görə, raket NATO hava hücumundan müdafiə sistemləri tərəfindən zərərsizləşdirilib.

Qeyd edək ki, bu, İrandan Türkiyəyə atılan 4-cü ballistik raketdir ki, zərərsizləşdirilir. Halbuki, bir neçə gün öncə İran prezidenti Məsud Pezeşkian Türkiyə prezidenti Rəcəb Təyyub Ərdoğana minnətdarlığını bildirmişdi. Məsud Pezeşkian “X” hesabında belə yazmışdı: “Əziz qardaşım Rəcəb Tayyib Ərdoğanın təcavüzkar sionist rejimi qınamaq məsələsində qətiyyətli mövqeyi təqdirəlayiqdir. Qardaş türk milləti uzun illərdir İslam ümməti ilə həmrəylikdə mühüm rol oynayıb. Bu yolu davam etdirəcəyik”.

Bəs İran tərəfindən Türkiyəyə doğru atılan ballistik raketlərin arxasında hansı real hərbi və ya strateji məqsədlər dayanır? Məsud Pezeşkianın bir neçə gün əvvəl Rəcəb Tayyib Ərdoğan-a təşəkkür etməsi ilə paralel olaraq raket hücumlarının baş verməsi nə ilə izah oluna bilər?

Turkustan.az bildirir ki, politoloq Elxan Şahinoğlu məsələyə bu cür mövqe bildirib:

"Aydındır ki, Məsud Pezeşkian səlahiyyət sahibi deyil, ölkə SEPAH generallarının nəzarətindədir. Həmin generallar isə düşməni dosta qatıb aləmi alova bürüməyə çalışırlar. Məsud Pezeşkian mart ayında iki dəfə Azərbaycan Prezidenti İlham Əliyevlə telefonla danışıb və hər dəfəsində ölkəmizə minnətdarlığını ifadə edib. Bunun ardınca, İranın xarici işlər naziri Abbas Əraqçi humanitar yardıma görə Azərbaycana təşəkkür edib. Onun da Azərbaycan dilində “X” hesabında yazdığı cümlələr minnətdarlıq hissi ilə boldur. “Azərbaycan hökumətinə və xalqına humanitar yardımlara görə, eləcə də digər ölkələrin yardımlarının çatdırılması üçün yaradılmış şəraitə görə təşəkkürümü bildirirəm” – yazan iranlı diplomat çətin günlərdə nümayiş etdirilən bu dəstək, İran və Azərbaycan xalqlarını birləşdirən ortaq mədəniyyətə söykəndiyini vurğulayıb. SEPAH generallarından da eyni məntiq gözləyirik"./Musavat.com


MANŞET XƏBƏRLƏRİ