Son 10-15 ildə Azərbaycanda insan immunçatışmazlığı virusuna (İİV) yoluxanların sayı 2,61 min nəfərdən 11,84 min nəfərə yüksəlib.
Ölkəmizdə İİV-ə yoluxanların sayındakı sürətli artım nə ilə bağlı ola bilər?
Sfera.az-a bununla bağlı açıqlama verən tibb elmləri doktoru, professor Adil Qeybulla insan immun çatışmazlığı virusu keçən əsrin 80-ci illərində heyvanlardan, şimpanzelərdən, yaşıl meymunlardan insanlara keçdiyini bildirib. Onun sözlərinə görə, bu, zoonotik virusdur:

“Zamanla insanlarda onun bir neçə variantı və alt tipləri formalaşıb. Xəstəlik indiyədək tam müalicə olunmayıb və daşıyıcı virus olduğu üçün mutasiyaya məruz qalır. Hazırda müasir dərmanlar vasitəsilə virusun bədəndəki səviyyəsini sıfıra yaxınlaşdırmaq və nəzarətdə saxlamaq mümkündür, lakin xəstəlik tamamilə aradan qaldırıla bilmir. Belə ki, virus limfa düyünlərində və immun sistemini formalaşdıran strukturlarda gizlənir, immun sistemi tədricən zəiflədir və bir müddətdən sonra daşıyıcı xəstəyə çevrilir. Bu mərhələdə isə əlavə xəstəliklər tədricən qoşulur. Eyni zamanda digər yoluxucu xəstəliklər də əlavə oluna bilər. Buna görə də xəstəliyin gedişi zamanı bu amillər mütləq nəzərə alınmalı və daimi nəzarətdə saxlanmalıdır. Bu şəxslər xüsusi diqqət tələb edir. Yaxşı olardı ki, ölkə üzrə ümumi dispanserizasiya keçirilsin və real olaraq nə qədər HİV-ə yoluxmuş şəxsin olduğu müəyyən edilsin. Bu cür yoxlamalar həm kəndlərdə, həm də şəhərlərdə aparıla bilər. Paralel olaraq əhali arasında maarifləndirmə tədbirləri keçirilməlidir. HİV-in yoluxma yolları əsasən cinsi əlaqə ilə bağlıdır. Öpüşmə yolu ilə yoluxma ehtimalı isə çox aşağıdır. Virus əsasən bioloji mayelər, qan, sperma və digər cinsi ifrazatlar vasitəsilə insandan insana keçir. Həmçinin anadan uşağa doğuş zamanı yoluxma mümkündür”.
Professor əlavə edib ki, hazırda əhali artır və nəzarətsiz cinsi həyat yaşayan insanların sayı da yüksəlir:
“Bunlar əsas yoluxma mənbələridir. Bəzən yoluxmuş şəxs özü də xəstə olduğunu bilmir. Buna görə də insanlar öz sağlamlıqlarına qarşı daha diqqətli olmalıdırlar. Qan köçürülməsi zamanı da yoluxma baş verə bilər. Çünki qan nə qədər yoxlansa da, yoxlama anında virus bədəndə ola, lakin anticisimlər hələ formalaşmadığı üçün aşkarlanmayabilir. Adətən virus qanda üç aydan sonra müəyyən edilir. Buna baxmayaraq, yoluxmuş şəxs qısa müddət ərzində artıq yoluxdurucu olur. Bu səbəbdən dünyanın bütün ölkələrində qan köçürülməsi zamanı virus infeksiyalarının ötürülmə riski heç vaxt tam istisna edilmir. Bu baxımdan yoluxma hallarının artması müəyyən mənada təbii sayılır. Əhali artır, yoluxma mənbələri daim mövcuddur. Ona görə də profilaktik və qoruyucu tədbirlərə ciddi əməl olunması son dərəcə vacibdir. Qoruyucu vasitələrdən istifadə etmək, şəxsi təhlükəsizliyə diqqət yetirmək əsas şərtlərdəndir. Xüsusilə gənclərin maarifləndirilməsi bu məsələdə çox mühüm əhəmiyyət daşıyır”.