İnfarkt sürətlə “cavanlaşır” - 17 yaşlı yeniyetmə...


Kardioloq deyir ki, başlıca səbəb energetik içkilərdən istifadədir

Bakıda yeniyetmə infarktdan ölüb. Hadisə paytaxtın Sabunçu rayonunda Bakıxanov qəsəbəsində yerləşən 94 saylı məktəbin həyətində qeydə alınıb. Paytaxt sakini 2008-ci il təvəllüdlü Eşqin Məhi oğlu Rüstəmov infarktdan ölüb. Faktla bağlı araşdırma aparılır.

Adətən ölüm halları orta (40-50) və daha yuxarı yaşlarda qeydə alınır. Doğrudanmı infarkt bunca “cavanlaşıb”?

Uşaqlarımızı bu təhlükələrdən necə qorumalı, valideynlər nəyə xüsusi diqqət etməlidir?

Ürək-damar xəstəliklərindən ölüm halları uzun illər boyu əsasən orta və yuxarı yaş qrupları ilə əlaqələndirilsə də, son illər həm dünyada, həm də Azərbaycanda bu xəstəliklərin “cavanlaşması” müşahidə olunur. Bakıda 2008-ci il təvəllüdlü yeniyetmənin infarktdan vəfat etməsi xəbəri geniş rezonans doğurdu və cəmiyyətdə haqlı olaraq belə sual yarandı: infarktın belə "gəncləşməsinin" səbəbi nədir?

Mütəxəssislərə görə, müasir həyat tərzi gənclər üçün ciddi risk formalaşdırır. Az hərəkət, kompüter qarşısında uzun müddət oturmaq, fast-food qidalanma, psixoloji gərginlik, yuxu rejiminin pozulması, enerji içkilərindən istifadə kimi vərdişlər ürək-damar sisteminə böyük yük salır. Bu, xüsusilə yeniyetmə və gənclərdə erkən yaşlarda hipertoniya, ritm pozuntuları və metabolik problemlərin yaranması ilə nəticələnə bilir. Nəticə etibarilə infarkt yalnız “yaşlıların xəstəliyi” olmaqdan çıxır və risk faktoru olan istənilən yaş insanda baş verə bilir. Bununla belə, 17-18 yaşlı yeniyetmədə infarkt son dərəcə nadir haldır. Bu cür hadisələrin adətən ya gizli gedən ağır irsi ürək-damar problemi, ya metabolik pozuntu, ya da miokardit kimi iltihabi proseslərlə əlaqəli olduğu bildirilir.

Yaşamaq gözəldir - Ürək damar sistemi, Şəkərli diabet - Hülya Abbasova,  Jalə Abbasova - 06.01.2023

Jalə Abbasova

Həkim-kardioloq Jalə Abbasova “Yeni Müsavat”a açıqlamasında bildirib ki, son zamanlar qəfil ölüm hallarının artması ciddi narahatlıq doğurur. Onun sözlərinə görə, yeniyetmələrdə erkən yaşda baş verən bu cür ölümlərin başlıca səbəblərindən biri energetik içkilərdən sui-istifadədir. Kardioloq qeyd edir ki, zərərli vərdişlərin geniş yayılması da vəziyyəti ağırlaşdırır: hazırda xüsusilə “patı” kimi tablet formasında istifadəsi dəbdə olan narkotik maddələr gənclərin sağlamlığını ciddi təhlükə altına qoyur və infarkt riskini artırır.

Jalə Abbasovanın fikrincə, uşaqları belə təhlükələrdən qorumağın ən vacib yolu onların nə ilə məşğul olduqlarına diqqətlə nəzarət etməkdir: “Yeniyetmələr boş vaxt tapanda zərərli vərdişlərə meyl göstərə bilər, çünki insan beyni boş qaldığı zaman onu həzz verən, amma təhlükəli sahələrə yönəltmək daha asan olur. Ona görə də uşaqların vaxtının sağlam və müsbət fəaliyyətlərlə doldurulması xüsusi əhəmiyyət kəsb edir. Beyinə nə veririksə, o da onu bizə qaytarır”.

Kardioloq valideyn-övlad münasibətlərinin bu prosesdə müəyyənedici rol oynadığını bildirir. Onun sözlərinə görə, valideynlər övladları ilə dost kimi davranmalı, onları dinləməli, düşüncələrinə diqqət yetirməlidirlər: “Əgər uşaqda pis vərdişlərə meyl varsa, valideyn bununla bağlı səmimi şəkildə danışmalı, həmin davranışları tədricən aradan qaldırmağa çalışmalıdır. Uşaqda özünəinam formalaşdıqda, o, düşündüklərini ailəsi ilə paylaşmaqda çətinlik çəkmir və belə olduqda zərərli vərdişlərdən uzaq durmaq daha asan olur”. Jalə Abbasova qeyd edir ki, övlad müəyyən qədər valideynindən çəkinməlidir, lakin eyni zamanda güvən hissi varsa, o, problemlərini açıq şəkildə bölüşə bilir və nəticədə sağlam seçimlər edir.


MANŞET XƏBƏRLƏRİ