Azərbaycanda dabaq xəstəliyinin yayılması fonunda ət məhsullarının, xüsusilə də dönərin satışına müvəqqəti qadağa qoyulması ehtimalı gündəmə gələ bilər.
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən qida məsələləri üzrə ekspert İlkin Şirinov bildirib ki, dabaq xəstəliyi həm iri, həm də xırda buynuzlu heyvanlarda dırnaq və ayaq nahiyələrində yaranan, sürətlə yayılan yoluxucu xəstəlikdir:
“Dabaq təhlükəli və keçici xəstəlikdir. Heyvanlara asanlıqla keçir. Ona görə də heyvan saxlayan şəxslər sanitar-gigiyenik qaydalara ciddi əməl etməlidirlər. Xəstəlik yayıldıqdan sonra tədbir görməyin bir mənası qalmır, çünki proses artıq sürətlə yayılmağa başlayır”.
Ekspertin sözlərinə görə, sanitar-gigiyenik tələblərə əməl edilmədiyi halda xəstəlik insana da keçə bilər:
“Əgər insan xəstə heyvanın əti və ya südü ilə təmasda olarsa, yaxud bu məhsulları çiy və ya az bişmiş formada qəbul edərsə, yoluxma riski yaranır. Bu baxımdan dönərxanalarda satılan ət məhsulları da diqqətlə yoxlanmalıdır”.
İlkin Şirinov dönərxanalarda istifadə olunan ətlərin baytarlıq nəzarətindən keçməməsinin ciddi təhlükə yaratdığını vurğulayıb:
“Əgər dönərxanalarda istifadə edilən ətlərin uyğunluq sənədi yoxdursa, bu, həm müştərilər, həm də həmin ətlə təmasda olan işçilər üçün risk yaradır. Dönərxanalarda antisanitar vəziyyətin hökm sürdüyü, bəzi yerlərdə hətta alətlərin yuyulması üçün suyun belə olmadığı hallar var. Belə şəraitdə xəstəlik yayılarsa, bu obyektlər ən riskli məkanlara çevrilə bilər”.
Ekspert əlavə edib ki, dönər ətləri tam bişmədiyinə görə yoluxma riski daha yüksəkdir:
“Dönər ətləri qaynadılmır, köz istiliyində, yarı bişmiş formada hazırlanır. Bu isə dabaq virusunun tam məhv olmaması ehtimalını artırır. Buna görə də xəstəlik geniş yayılarsa, dönər satışına müvəqqəti qadağa tətbiq olunması istisna deyil”.