Kremlin sözçüsü Dmitri Peskov Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Donald Tramp arasında Budapeştdə keçirilməsi planlaşdırılan zirvə görüşü ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
Turkustan.az xəbər verir ki, Moskvada jurnalistlərin suallarını cavablandıran Peskov, mövzu ətrafında çoxlu şayiələrin dolaşdığını qeyd edərək deyib:
“Nə Putin, nə də Tramp vaxtlarını itirmək istəmir. Effektiv bir sammit ciddi hazırlıq tələb edir.”
Peskov bildirib ki, sammitin keçirilməsi ideyası həm Rusiya, həm də ABŞ tərəfindən gündəmə gətirilib. Onun sözlərinə görə, Ukrayna ilə bağlı prosesin dalana dirənməsi vəziyyətin artıq ən yüksək səviyyədə müzakirə edilməsini zəruri edir:
“Hazırkı dalana dirəniş ən yüksək səviyyəli orqanların müdaxiləsini tələb edir. Ancaq bu müdaxilə ciddi və sistemli şəkildə hazırlanmalıdır.”
Kreml sözçüsü əlavə edib ki, Rusiyanın Ukrayna məsələsinə yanaşması artıq bəllidir və bu mövqe daha əvvəl müxtəlif rəsmi şəxslər, o cümlədən Prezident Putin tərəfindən dəfələrlə açıqlanıb.
Aytən Yaşar/ Turkustan.az