Türkiyə Ermənistanla sərhədi açır? – Ortada iki tələb var


Ermənistan Baş naziri Nikol Paşinyan bu gün deyib ki, Türkiyə ilə sərhədlərin yaxın gələcəkdə açılması gözləniləndir. Həmçinin xarici işlər naziri Ararat Mirzoyan da qeyd edib ki, İrəvanla Ankara arasında müxtəlif səviyyələrdə müsbət və intensiv dialoq mövcuddur. Onun sözlərinə görə, Türkiyə tərəfi sərhədlərin açılmasına, dəmir yolu əlaqələrinin bərpasına və birbaşa ikitərəfli ticarətin yenidən başlamasına hazır olduğunu bildirib.

Ermənistanla Azərbaycan arasında sülh sazişindən əvvəl Ankaranın İrəvanla sərhədləri açması mümkündürmü?

Globalinfo.az-a danışan politoloq Sultan Zahidov deyib ki, yaxın bir neçə ayda bu məsələlərin tam həll olunması gözlənilmir:

“Çünki Ermənistanda seçki dövrü yaxınlaşır və bu prosesə çox az qalıb. Hazırda Ermənistanda siyasi aktivlik artır. Bu, həm ictimai, həm də dini təmsilçilərin iştirakı ilə müşahidə olunur.

Gümrü şəhərinin meri, daha əvvəl DOK Partiyasının qurucusu və keçmiş sədri Vardan Qukasyan, kilsə nümayəndələri, Rusiya vətəndaşı olan iş adamı Samvel Karapetyan həbs edildi. Bu cür toplaşmalar göstərir ki, qarşılıqlı mövqelər və daxili siyasi çevrələrdə yeni koalisiyalar formalaşa bilər. Bu da seçkilərdən sonra region üçün əhəmiyyətli təsirlərə yol aça açar.

Sultan Zahidov
Sultan Zahidov

Birinci növbədə məqsəd Ermənistanda hakimiyyətə gələcək şəxsin konstruktiv dialoqa və sülh prosesinə hazır olmasıdır. Revanşçı mövqedə olan qüvvələrin hakimiyyətə gəlməsi regionda vəziyyəti yenidən gərginləşdirə və prosesləri sıfır nöqtəsinə qaytara bilər. Müxalifət daxilində bir sıra partiyaların mövqeləri Azərbaycan və regional sülhə xidmət etmir. Buna görə də seçkinin nəticələri mühüm əhəmiyyət daşıyır”.

Politoloq qeyd edib ki, Ermənistan–Türkiyə münasibətlərinin normallaşması bu proseslərlə bağlıdır:

“Sözügedən sahədə irəliləyişlər seçkilərdən sonra, yeni siyasi konfiqurasiya formalaşdıqdan sonra mümkün ola bilər. Həmçinin Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalanması üçün İrəvanın konstitusiyada dəyişikliklər etməsi lazım gələcək. Bu dəyişikliklər və konstitusiya islahatları seçkilərdən və yeni hakimiyyət formalaşdıqdan sonra daha real görünür”.


MANŞET XƏBƏRLƏRİ