Peyvənddən niyə qorxuruq? - Pandemiyadan qalan xəstəlik və narahatlıqlar...


Xəbər verdiyimiz kimi, səhiyyə naziri Teymur Musayevin əmrinə əsasən, 2025-ci il oktyabrın 8-dən etibarən vaksinasiyaya başlanılıb.

Bakıvaxtı.az xəbər verir ki, Səhiyyə Nazirliyi əhalinin sağlamlığının qorunması və respirator xəstəliklərə yoluxma hallarının qarşısının alınması məqsədilə vətəndaşları mövsümi qripə qarşı peyvənd olunmağa çağırır. Xüsusilə səhiyyə işçilərinin, hamilə qadınların, həmçinin xroniki tənəffüs sistemi xəstəlikləri olan 6 aylıqdan yuxarı şəxslərin qripə qarşı peyvənd olunması tövsiyə edilir.

Amma hələ də cəmiyyətdə vaksinlə bağlı müəyyən qorxular mövcuddur. Vaksinasiya məsələsi gündəmə gəldikdə insanların penvəndlərə qarşı önyarğılı olması müşahidə olunur.

Bəs, bu qorxunun səbəbi nədir?

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən terapevt Günay Lətifova bildirib ki, bu qorxunun psixoloji səbəbləri əsasən koronavirus dövründə yaranan təcrübələrdən qaynaqlanır.

G.Lətifovanın sözlərinə görə, pandemiya zamanı vaksin olunan bəzi insanlarda sonradan müxtəlif problemlərin yarandığı barədə məlumatlar yayıldı:

“Bu da cəmiyyətdə narahatlıq və inamsızlıq hissi formalaşdırıb”.

Hazırda da bu məsələnin aktual olaraq qaldığını vurğulayan terapevt qeyd edib ki, vaksin mövzusu gündəmə gələndə bir çox insanın içində qorxu hissi yaranır.

Günay Lətifova: Bu qorxunun psixoloji səbəbləri əsasən koronavirus dövründə yaranan təcrübələrdən qaynaqlanır

Müsahibimiz hesab edir ki, ekspertlər bu məsələyə aydınlıq gətirməli, vaksinlərin təsiri və təhlükəsizliyi barədə ictimaiyyətə ətraflı məlumat verməlidirlər:

“Yalnız bu halda insanlar tam şəkildə razı qalacaq və aradakı inamsızlıq aradan qalxacaq. Çünki pandemiyadan qalan xəstəlik və narahatlıqlar hələ də yaddaşlarda təzədir və bu baxımdan insanların vaksindən çəkinməsi müəyyən mənada başadüşüləndir”.


MANŞET XƏBƏRLƏRİ