“Dabaqlı heyvanın ətini yemişəm, heç nə olmayıb” - Bazardan REPORTAJ


Təsərrüfat heyvanları arasında dabaq xəstəliyinə yoluxma halları əhali arasında müəyyən təlaş yaradıb. Kənd Təsərrüfatı Nazirliyi və Aqrar Xidmətlər Agentliyi infeksiyanın insan həyatı üçün ciddi təhlükə yaratmadığını bildirsə də, alıcılar ət mağazaları və kəsim yerlərindən gen gəzir.

“Yeni Sabah”ın əməkdaşı olaraq, ət bazarındakı vəziyyəti yerindəcə öyrənmək üçün 3-cü mikrorayon dairəsinin yaxınlığında fəaliyyət göstərən məşhur “Keşlə” bazarına üz tutdum.

Bəlkə də “Keşlə” sözü bir çoxunu təəccübləndirəcək: “3” hara, Keşlə bazarı hara?” Amma fakt budur ki, hazırda sökülən köhnə bazar özünə yeni ünvan tapıb.

“Dabaqdən ölən ya da yaralanan görməmişəm”

Səhər saatları olmasına baxmayaraq, bazarda, xüsusən də ət piştaxtalarının qarşısında xeyli adam müşahidə olunurdu.

İlk mağazada Fazil adlı qəssabla söhbətə başlayan kimi dedi ki, illərdir ət kəsimi və satışı ilə məşğul olur, bişmiş ətdən insana dabaq yoluxması mümkün deyil:

“Vallah, oğlum, dabaq xəstəliyinə yoluxan heyvan çox görmüşəm. Həm inək, həm də qoyun-quzu. O vaxt rayon yerində kim bilirdi ət analizi nədir, infeksiya nədir?! Kəsirdik də, yeyirdik də. Heç nə də olmurdu. Dabaq xəstəliyindən ölən, ya da yaralanan adam görməmişəm. Onsuz da bazara gətirdiyimiz ətin hamısı tibbi ekspertizadan keçirilir. Qəti qorxusu yoxdur”.

Orxan Yusifov adlı qəssab isə vurğuladı ki, dabaq xəstəliyi bazarı “öldürmək” üçün yayılmış şayiədən başqa bir deyil:

“Mən bilən, dabaq xəstəliyi heyvanın ayağına və dırnaqlarına düşən infeksiyadır. Yəni o, ətin özündə olmur. Həm də qaydasında bişirəndə onsuz da mikrobu qalmır. Guya dabaqdan başqa xəstəlik zad yoxdur?! Həm də bizim ətləri hər gün yoxlayırlar. Ona görə də arxayınıq”.

“Hələ ki səpib eləməmişik”

Müştərilər arasında isə dabaqla bağlı yanaşmalar müxtəlifdir. Bəzi alıcılar, xüsusən, xanımlar yayılan infeksiyadan ehtiyat etdiyini bildirsə də, kişilər narahatlığa heç bir əsasın olmadığını dedilər:

“Gedib mağazadan aldığımız broyler toyuğu sağlamdı guya?! İynədən, dərmandan verib şişirdirlər. Gül kimi ətdir də. Sadəcə yaxşı bişirmək lazımdır. Ən sağlam heyvanın əti də normal bişirilməyəndə təhlükəli olur. Mən özüm dəfələrlə bu bazardan, elə bu qəssablardan ət almışam. Bir dəfə də olsun zəhərlənmə, yaxud başqa nəsə olmayıb”.

Həftədə ən az bir dəfə bazara gəldiyini deyən Aybəniz Abdullayeva isə məhəllə qəssabından ət almağa ehtiyat etdiyini deyib:

“Oğlum, əvvəllər əti məhəllədəki qəssabdan alırdım. Haradasa 3 həftədir “TikTok”da dabaq xəstəliyinin yayılması ilə bağlı xəbərlər çıxır. Qohumdan-qonşudan soruşdum dedilər ki, heyvanlarda səpgi, dəri çürüməsi kimi fəsadlar yaradır. Çox şükür, hələ ki səpib eləməmişik”.

Dana əti 18 manat, quzu 21

Qəssablar müştəri bolluğundan məmnundur.

“Keşlə bazarı”nda ət qiymətləri digər bazarlardan elə də fərqlənmir. Hazırda piştaxtalarda təklif olunan sümüklü dana ətinin 1 kilosunun qiyməti 18 manat (sümüksüz 22 manat), quzu əti 20-21 manat, inək isə 12-15 (sümüklü və sümüksüz) manatdır.


MANŞET XƏBƏRLƏRİ