Qiymətlər necə olacaq: Bahalaşma və ucuzlaşma gözlənilən sahələr


Benzinin qiymətinin artmasından somra bir sıra sahələrdə az da olsa, bahalaşma müşahidə edilir.

Payıza doğru bu bahalaşmanın necə istiqamətdə gedəcəyi maraq doğurur. Ekspertlərin fikrincə, hava şəraiti ilə əlaqədar xüsusilə kənd təsərrüfatı məhsullarında, əmlak bazarında ciddi qiymət artımının şahidi olacağıq.

İqtisadçı Akif Nəsirli "Cebheinfo.az"-a açıqlamasında bildirib ki, kənd təsərrüfatı məhsullarındakı artımın səbəbi hava şəraiti ilə əlaqədardır:

"Hava şəraitinin qeyri-sabit, əlverişsiz keçməsi kənd təsərrüfatı məhsullarının istehsalında ciddi problemlər yaratdı. Məhsuldarlığın aşağı düşməsi məhsul həcminin azalmasına gətirib çıxardı. Heyvandarlıqda yem bazası zəiflədi. Yoncanın 3 biçinində yağışın yağması otun keyfiyyətini aşağı saldı. Bütün sahələrdə məhsuldarlıq aşağı düşdü. Hesab edirəm ki, payıza doğru ötən illə müqayisədə kənd təsərrüfatı məhsulları baha olacaq".

O qeyd edib ki, maşın bazarını isə ucuzlaşma gözləyir:

"Maşın bazarında taksi fəaliyyətinin ağırlaşdırılması səbəbilə taksi fəaliyyəti ilə məşğul olan avtomobillər bazara çıxarılıb. Taksi çoxalıb, tələbat da aşağı səviyyədədir, alıcılıq da aşağıdır.. Elə bu səbəbdən dolayı payıza doğru maşın bazarında ucuzlaşma gözləniləndir".

Ekspert daşınmaz əmlak bazarının da durumunu açıqlayıb:

"Daşınmaz əmlak bazarında bahalaşma davam edəcək. Əsasən də Bakı şəhərində bu bahalaşma gözləniləndir. Onsuz da daşınmaz əmlak hər il getdikcə bahalaşır. Ucuzlaşma ən son pandemiya dönəmində olmuşdu. Pandemiyadan sonra isə qiymətlərin artdığını gördük. Tələbələr tədris ilinin başlaması ilə bağlı yenidən rayonlardan qayıdacaq və kirayə bazarında yeni qiymətlər görəcəyik".


MANŞET XƏBƏRLƏRİ