Elon Maskın əsl məqsədi nədir? ABŞ-da X müzakirəsi qızışdı


ABŞ-da noyabrın 3-də keçiriləcək aralıq seçkilər ərəfəsində “X” platformasının sahibi, milyarder İlon Maskın Respublikaçılara 276 milyon dollardan çox ianə etdiyi bildirilir.

Turkustan.az xəbər verir ki, Maskın siyasi ianələri onun siyasi ambisiyaları, ABŞ Prezidenti Donald Trampla münasibətləri və Trampdan sonrakı dövrdə Respublikaçılar Partiyası üzərində təsirini qorumaq cəhdləri ilə bağlı müzakirələrə səbəb olub.

Maskın siyasi fəaliyyət komitəsi “America PAC” vasitəsilə etdiyi ianələr onun ABŞ siyasətindəki maliyyə təsirini bir daha gündəmə gətirib. Bununla yanaşı, bu vəsaitlərin hansı siyasi məqsədlərə xidmət etdiyi ilə bağlı suallar da yaranıb.

Maskın təsiri yalnız seçki kampaniyalarına ayırdığı maliyyə ilə məhdudlaşmır. Dünyanın ən böyük sosial media platformalarından biri olan “X”in sahibi kimi o, siyasətçilərin ictimaiyyətə çıxışına və siyasi müzakirələrin istiqamətinə də təsir göstərə bilir.

ABŞ siyasətində “X” siyasətçilərin seçicilərlə birbaşa ünsiyyət qurması, gündəmi müəyyənləşdirməsi və ictimai müzakirələrə təsir göstərməsi baxımından mühüm platformaya çevrilib. Maskın platforma üzərindəki nəzarəti və siyasi debatlarda fəal iştirakı onun iqtisadi və siyasi gücünün kəsişdiyi əsas sahələrdən biri hesab olunur.

Bəzi tənqidçilər isə platformanın müəyyən siyasi maraqları gücləndirmək və ictimai rəyə təsir göstərmək üçün istifadə oluna biləcəyini düşünürlər. Bu yanaşma Maskın ABŞ siyasətindəki rolu ilə bağlı müzakirələri daha da genişləndirir.

Qeyd edək ki, Mask 2024-cü il prezident seçkilərində Donald Trampın və digər Respublikaçı namizədlərin kampaniyalarına təxminən 288 milyon dollar ianə edib. Onun siyasi fəaliyyəti hazırkı administrasiya ilə münasibətləri ilə yanaşı, Respublikaçılar Partiyasının gələcək istiqaməti və öz şirkətlərinin maraqları baxımından da müzakirə olunur.

Aytən Yaşar/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ