Azərbaycanda kosmik ucuzlaşma o vaxt olacaq ki...


2024-cü ilin yanvar-aprel ayları üzrə kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 2115,9 milyon manat təşkil edib.

Bunun da 1950,1 milyon manatı heyvandarlıq, 165,8 milyon manatı bitkiçilik məhsullarının payına düşür. “Cebhe.info” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatının ümumi məhsulu 1,6%, o cümlədən heyvandarlıq məhsulları istehsalı 1,5%, bitkiçilik məhsulları istehsalı 2,7% artıb.

Maraqlıdır, kənd təsərrüfatı istehsalı artdığına görə kənd məhsullarının qiymətində ucuzlaşma gözlənilə bilər?

Məsələ ilə bağlı iqtisadçı-alim Vüqar Qocayev “Cebhe.info”-ya açıqlamasında deyib ki, açıqlanan rəqəmlər çox kiçik olduğundan, kənd təsərrüfatı məhsullarının qiyməti ucuzlaşmayacaq:

“Hazırda bölgələrimizdə kənd təsərrüfatının inkişafı üçün mühüm addımlar atılır. Bunlardan biri əkinçilikdir. Əkinçiliyin önəmi olduğu qədər mənfi tərəfləri də var. Bunlardan biri örüş yerlərinin azalmasıdır. Örüş yerləri azaldıqda heyvanlara çəkilən xərclər artır. Nəticədə ət və ət məhsullarının qiyməti də artır”.

İqtisadçı bildirib ki, bitkiçilik əvvəlki illərlə müqayisədə 3 faizə qədər artıb:

“Dövlət Statistikası Komitəsinin açıqladığı rəqəmlərə baxsaq görərik ki, ən çox bitkiçilik inkişaf edib. Heyvandarlıq isə cəmi 1,5 faiz artıb. Bu, ölkəmiz üçün çox kiçik rəqəmdir. Gərək heyvandarlıq daha çox inkişaf edərdi. Heyvandarlığın inkişafı üçün örüş yerləri olmalıdır. Ancaq örüş yerləri az, əkin yerləri çox olduğundan, artım proqnozları gözləmək çətindir”.

O qeyd edib ki, faiz göstəriciləri davamlı olaraq artarsa, kənd təsərrüfatı məhsullarının qiymətləri aşağı düşə bilər:

“Kənd təsərrüfatı məhsulların əksəriyyəti ölkə daxilində yetişdirilə bilər. Bunun üçün bütün lazım olan imkanlar, resurslar var. Ancaq iqtisadı artımlar 2-3 faiz deyil, 10-15 faiz civarında olarsa, o zaman kosmik ucuzlaşmadan söhbət gedə bilərdi”.


MANŞET XƏBƏRLƏRİ