İyulun 23-də səhər saatlarında pilotsuz uçuş aparatlarının (PUA) Rusiyanın Başqırdıstan Respublikasında yerləşən Subxankulovo neft nəqli müəssisəsinə zərbə endirdiyi bildirilir.
Turkustan.az xəbər verir ki, bu barədə ASTRA Telegram kanalı məlumat yayıb.
Məlumata görə, səhər saatlarında Başqırdıstan sakinləri partlayış səsləri eşitdiklərini və hadisə yerində yanğın baş verdiyini bildiriblər. ASTRA şahidlərin paylaşdığı görüntüləri təhlil etdikdən sonra hücumun Subxankulovo xətti istehsal və göndərmə stansiyasını (LVDS) hədəf aldığını qeyd edib.
Sözügedən obyekt Başqırdıstanın Tuymazinski rayonunda, Subxankulovo kəndi yaxınlığında yerləşir və “Transneft-Ural” şirkətinin neft kəməri sisteminin mühüm hissələrindən biri hesab olunur.
LVDS neftin magistral boru kəmərləri vasitəsilə qəbulu və ötürülməsi, nəql prosesinə dispetçer nəzarətinin həyata keçirilməsi, neftin çən parklarında saxlanılması və daşınma ilə bağlı texnoloji əməliyyatların təmin edilməsi funksiyalarını yerinə yetirir.
EnergyBase-in məlumatına görə, stansiya regiondakı bir neçə əsas neft kəməri sisteminin bir hissəsidir.
Aytən Yaşar/ Turkustan.az