“Qızıl və gümüşün fırtınası” Azərbaycan bazarına necə təsir göstərir?


Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin dəyəri artıb.

Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə 2026-cı ilin iyun fyuçerslərinin dəyəri 0,26 % artaraq 4 820,9 ABŞ dollarına bərabər olub.

COMEX-də gümüşün bir unsiyası üzrə 2026-cı ilin may fyuçerslərinin qiyməti isə 0,6 % artaraq 79,19 ABŞ dolları təşkil edib.

Bəs bu artım qısamüddətlidir, yoxsa uzunmüddətli yüksəliş trendinin başlanğıcıdır? Azərbaycan bazarı üçün bu artım hansı nəticələr doğura bilər?

"Cebheinfo.az"-a danışan “Azərbaycan Zərgərlər Assosiasiyası” İctimai Birliyinin İdarə Heyətinin sədr müavini Rövşən Əmircanov bildirib ki, hazırkı qiymət artımını bu mərhələdə uzunmüddətli yüksəliş trendinin başlanğıcı kimi qiymətləndirmək üçün kifayət qədər əsas yoxdur.

Onun sözlərinə görə, mövcud dinamika daha çox ABŞ dollarının zəifləməsi, faiz siyasətinə dair gözləntilər və geosiyasi risklərin təsiri altında formalaşan qısamüddətli bazar reaksiyası ilə izah oluna bilər:

“Bununla yanaşı, qızılın qiymətində ardıcıl artım qeydə alınsa da, əvvəlki pik göstəricilərlə müqayisədə hələ də müəyyən fərq mövcuddur. Bu isə onu göstərir ki, bazarda yüksəliş meyili müşahidə olunsa da, sabit və uzunmüddətli artım trayektoriyasının formalaşdığını söyləmək hələ tezdir.

Mövcud vəziyyəti daha çox qısamüddətli risk amillərinin yaratdığı qiymət reaksiyası, eyni zamanda orta müddətdə bazarı dəstəkləyən fundamental faktorların təsiri kimi dəyərləndirmək mümkündür”.

O bildirib ki, qızıl və gümüşün dünya bazarlarında bahalaşması Azərbaycan bazarına da birbaşa təsir göstərir:

“İlk növbədə, bu proses sözügedən metalların xammal kimi maya dəyərinin yüksəlməsinə, eləcə də onlardan hazırlanan zərgərlik məmulatlarının istehsal və satış qiymətlərinin artmasına səbəb ola bilər. Nəticə etibarı ilə daxili bazarda pərakəndə satış qiymətləri üzərində artım təzyiqi formalaşa bilər.

Qızıl və gümüş beynəlxalq bazarlarda ABŞ dolları ilə qiymətləndirilir. Bu səbəbdən qlobal qiymət dəyişiklikləri, xüsusilə də bahalaşma meyli, qısa müddət ərzində yerli bazarda da öz əksini tapır.

Belə şəraitdə zərgərlik sektorunda alıcılıq qabiliyyətinin zəifləməsi, eyni zamanda investisiya xarakterli qızıl məhsullarına marağın artması ehtimalı yüksəlir.

Bununla yanaşı, qiymət artımı bazar iştirakçılarının davranışına da təsir göstərə bilər. İstehlakçılar alış qərarlarında daha ehtiyatlı mövqe tuta, satıcılar isə qiymət siyasətini daha çevik şəkildə yenidən nəzərdən keçirməli ola bilərlər”.

O vurğulayıb ki, mövcud şəraitdə qızıl və gümüşə investisiya müəyyən risklərlə müşayiət olunur:

“Bu risk səviyyəsini orta-yüksək diapazonda dəyərləndirmək olar. Qızıl ənənəvi olaraq qoruyucu aktiv hesab edilsə də, qiymətlərin artıq yüksəlmiş olduğu bir dövrdə bazara daxil olan investorlar üçün sonradan korrektə və ya geriçəkilmə riski kifayət qədər aktual olaraq qalır.

Gümüş bazarında isə risk səviyyəsi nisbətən daha yüksəkdir. Bu, ilk növbədə təklifin məhdud, tələbin isə yüksək olması ilə əlaqədardır.

Belə şəraitdə qiymətlərdə daha kəskin və sürətli dəyişikliklər baş verə bilər. Başqa sözlə, gümüş bazarı qızılla müqayisədə daha yüksək volatillik nümayiş etdirir ki, bu da investisiya qərarlarında daha ehtiyatlı yanaşmanı zəruri edir.

Bazardakı yüksək dalğalanma fonunda qızıl və gümüş fyuçersləri üzrə marja tələblərinin artırılması da risklərin yüksəldiyini göstərən mühüm siqnallardan biridir.

Bu şəraitdə xüsusilə qısamüddətli və spekulyativ əməliyyatlar daha riskli xarakter daşıyır. Mövcud bazar reallığında daha məqsədəuyğun yanaşma iri həcmdə birdəfəlik investisiya qoyuluşundan çəkinmək, mərhələli alış strategiyasına üstünlük vermək və portfeli diversifikasiya etməkdir”.


MANŞET XƏBƏRLƏRİ