ABŞ-İsrail koalisiyası ilə İran arasında müharibə 35-ci gününə daxil olarkən, bölgədə gərginlik davam edir.
Turkustan.az xəbər verir ki, İran tərəfi Kərəcdə yerləşən körpüyə hava zərbəsi endirməklə ABŞ-İsrail hücumlarına cavab verdiyini açıqlayıb.
Eyni zamanda ABŞ-da müdafiə naziri Pit Heqsetin Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri, general Rendi Corcun istefasını tələb etdiyi iddia olunur.
Qlobal miqyasda müşahidə olunan münaqişə fonunda Hörmüz boğazında da diqqətçəkən hadisə baş verib.
Real vaxt rejimində gəmi izləmə platforması MarineTraffic-in məlumatına görə, Malta bayrağı altında üzən “CMA CGM Kribi” konteyner gəmisi Birləşmiş Ərəb Əmirliklərinin Fars körfəzi sahilində yerləşən Qantut limanından yola düşərək Hörmüz boğazından keçib.
Təyinat yerini “Fransaya məxsus” kimi yeniləyən gəminin boğazdan keçdikdən sonra Oman körfəzinə çatdığı bildirilir.
Qeyd olunur ki, bu hadisə ABŞ-İsrail–İran münaqişəsi başlayandan bəri Qərbi Avropa ilə əlaqəli bir gəminin Hörmüz boğazından istifadə etdiyi ilk hal kimi qiymətləndirilir.
Aytən Yaşar/ Turkustan.az