İranda Qum, Məşhəd, İsfahan və digər dini təhsil mərkəzlərini təmsil edən bir qrup ruhani Ali Rəhbər Müctəba Xameneiyə məktub ünvanlayaraq nüvə silahının istehsalı və istifadəsi ilə bağlı fətvanın yenidən nəzərdən keçirilməsini xahiş edib.
Turkustan.az xəbər verir ki, məktubda qeyd olunur ki, mövcud fətva əvvəlki şərait nəzərə alınaraq verilib və İslamın sülhə, ədalətə, həmçinin kütləvi qırğın silahlarının qadağan olunmasına sadiqliyini əks etdirib.
Ruhanilər bildiriblər ki, hazırda regionda və dünyada sosial, siyasi və təhlükəsizlik mühiti sürətlə dəyişir, təhdidlər artır və bu vəziyyət İranın təhlükəsizliyinin gücləndirilməsini zəruri edir.
Sənəddə vurğulanır ki, hökmlər zaman və şəraitə uyğun olaraq yenidən qiymətləndirilə bilər. Zərərin qarşısının alınması, onun aradan qaldırılması və İslam nizamının qorunması əsas prinsiplər kimi təqdim olunur.
Eyni zamanda qeyd edilir ki, həyati təhlükələr qarşısında qanuni özünümüdafiə zəruri hesab olunur. Bu çərçivədə bəzi fətvaların yenidən nəzərdən keçirilməsinin mümkün olduğu, müəyyən hallarda isə zəruri və hətta qaçılmaz ola biləcəyi vurğulanır.
Məktubda belə bir addımın İranın mövcud təhdidlər qarşısında çəkindirmə imkanlarını artıracağı və ölkənin təhlükəsizliyini gücləndirəcəyi qeyd olunur.
Aytən Yaşar/ Turkustan.az