İran Baş Qərargahının sözçüsü, briqada generalı Əbülfəzl Şikarci ABŞ-la mümkün qarşıdurma ilə bağlı sərt açıqlama verib.
Turkustan.az xəbər verir ki, dövlət televiziyasında yayımlanan proqramda çıxış edən Şikarci ABŞ və İsrailin hücumları ilə başlayan müharibə fonunda baş verənləri, eləcə də ABŞ prezidenti Donald Trampın bəyanatlarını şərh edib.
O bildirib ki, İran ABŞ-ın quru əməliyyatlara başlamasını gözləyir və əlavə edib: “Amerikanın quru hücumunun başlamasını gözləyirik, çünki onlara elə bir dərs verəcəyik ki, bunu heç vaxt təsəvvür belə etməyəcəklər”.
Şikarci ABŞ-ın İranla bağlı ciddi səhv hesablamalar apardığını iddia edərək qeyd edib ki, Vaşinqton əsassız şəkildə İran xalqına qarşı hücuma keçib.
“Tramp səhv proqnozlar əsasında İranla müharibəyə girdi. Biz xalqımıza vurulan zərərə cavab veririk, müharibəni biz başlamamışıq”, – deyə o bildirib.
İranlı general həmçinin ABŞ-ı mülki obyektləri hədəfə almaqda ittiham edərək Minab şəhərində məktəbə edilən hücum nəticəsində çoxsaylı uşağın həyatını itirdiyini iddia edib.
Şikarci əlavə edib ki, ABŞ rəhbərliyi İranın siyasi sistemi və idarəetmə strukturu barədə kifayət qədər məlumata malik deyil və yanlış qiymətləndirmələr aparır.
Aytən Yaşar/ Turkustan.az