Fındıq istehsalçıları necə çökdürülür? - Açıqlama


Quba-Xaçmaz və Şəki-Zaqatala bölgələrindən olan bir qrup fermer hər il olduğu kimi, bu il də qiymətlərin məqsədyönlü şəkildə endirildiyindən şikayət ediblər. Onlar bildiriblər ki, fındığın bir kiloqramını 2 manat 50-2 manat 70 qəpiyə alırlar. Bu isə çəkilən xərcləri belə ödəmir. Fermerlərə fındığın bir kiloqramını ağacdan yığmaq 50 qəpiyə, yerdən yığmaq isə 1 manata başa gəlir. Fermerlərin sözlərinə görə, fındıq bu il dəyərindən çox aşağı qiymətə alındığından, Xaçmazda əhalinin çoxu fındıq bağlarını ləğv edib, yerində gilas bağları salır.

Bakupost.az -a açıqlamasında fermerlərə süni maneə yaradılmasından danışan Azad İstehlakaçılar Birliyinin sədri Eyyub Hüseynov ölkədə fındıq və qoz ləpəsinin, balıq məhsullarından isə kürünün Avropa bazarına çıxarıldığını bildirib.

Onun sözlərinə görə, Qida Təhlükəsizliyi Agentliyi yarananda ekoloji təmiz malların Avropa bazarına çıxarılmasına ümid etsək də, təəssüf ki, buna nail olunmayıb:

“Bununla belə biz görürük ki, tonlarla Azərbaycan fındığı Avropa bazarından geri qaytarılır. Bu isə fındığın tərkibində aflatoksin göbələklərinin olmasıyla bağlıdır. İstehlakçılara müraciət edərək demək istəyirəm ki, fındıq yeyərkən ləpənin mərkəzində kiçib bir boşluq var o boşluq əgər sarı rəngdədirsə, demək o fındıq ləpəsi aflatoksin göbələkləri ilə zəngindir və insanları zəhərləyə bilər. Biz hər il bununla bağlı bazardan aldığımız fındıqlar üzərində araşdırma aparırıq”.

Ekspert deyib ki, aparılan proflaktik işlər çərçivəsində bunun qarşısı alınır:

“Lakin Azərbaycanın çox əhəmiyyətli sərvəti olan bu mallar geniş şəkildə istehsal olunmalıdır. Çox təəssüflər olsun ki, bir çox kənd təsərrüfatı mallarının satışında bazarın "alverçilər" deyilən üçüncü subyektləri meydana çıxır. Biz görürük ki, fındıq sektorunda alverçilər artıq təşkil olunmuş MMC-lərdir. Bu MMC-lər öz şərtlərini diqtə edirlər. Fındıq istehsalıyla məşğul olanlar o qədər də yaxşı vəziyyətdə deyillər. MMC-lərə görə onlar mallarını birbaşa xarici bazara çıxara bilmirlər. Bu çox əcaib bir haldır. Elə bir siyasət aparılmalıdır ki, fındıq əkənlər öz əməklərinin bəhrəsini görsünlər. Həmin MMC-ləri isə nəfslərinə hakim olmağı çağırıram”.


MANŞET XƏBƏRLƏRİ