İsa Qəmbər 2003-cü ildə hansı təklifi alıb? – Sensasion Ramiz Mehdiyev detalı


Prezident Administrasiyasının və Milli Elmlər Akademiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin Azərbaycanda dövlət çevrilişi həyata keçirmək istədiyi ilə bağlı yayılan məktub fonunda müzakirələr davam edir. Müsavat Partiyasının başqanı İsa Qəmbər AMİP-in qurucu lideri Etibar Məmmədovu hədəf alaraq kəskin reaksiya verib.

Turkustan.az xəbər verir ki, bununla bağlı Müsavat Partiyası paylaşım edib.

Paylaşımda yazılıb:

“Ramiz Mehdiyevin ideyasına oxşar model hələ 2003-cü ildə Etibar Məmmədov tərəfindən İsa Qəmbərə təklif olunub.

“1. 2003-cü il oktyabr ayında – prezident seçkilərinə 7–8 gün qalmış – Etibar Məmmədov öz namizədliyini geri çəkməsi və mənim namizədliyimi dəstəkləməsi müqabilində məndən, seçiləcəyim təqdirdə:
a) Baş nazir vəzifəsinin ona verilməsini,
b) Seçkidən dərhal sonra Dövlət Şurasının yaradılmasını,
c) onun həmin Şuraya sədr təyin edilməsini,
d) Xarici İşlər Nazirliyinin və bütün güc strukturlarının Dövlət Şurasının sədrinə – yəni ona – tabe etdirilməsini və s. tələb etdi.

Mən ona bildirdim ki, seçiləcəyim təqdirdə onun baş nazir təyin olunmasını məqbul sayıram, lakin digər tələblər nə məntiqə, nə də Konstitusiyaya uyğundur.

2. Guya mən bu təkliflərin hamısını qəbul edib sonradan fikrimi dəyişmişəm – bu, həqiqəti əks etdirmir. Mən orada Etibar Məmmədova dedim ki, həddindən artıq çətin şərtlər irəli sürürsünüz, bunların qəbul edilməsi real görünmür. Hər halda, bu məsələləri Müsavat Partiyasının rəhbərliyi və müttəfiqlərimlə müzakirə etdikdən sonra sabah günorta saat 13:00-a qədər cavab verəcəyəm.

Ertəsi gün günorta saat birə bir neçə dəqiqə qalmış mən Etibar Məmmədova zəng etdim və onun təkliflərinin məqbul olmadığını bildirdim. Məsələnin mahiyyəti qısaca olaraq budur”.


MANŞET XƏBƏRLƏRİ