Oktyabrın 26-da Monteneqro polisi Podqoritsa sakini olan serbə bıçaqla xəsarət yetirən iki Türkiyə vətəndaşını həbs etdikdən sonra ölkədə türklərə qarşı etirazlar başlayıb. Hətta hökumət hadisədən sonra Türkiyə vətəndaşları üçün vizasız rejimi müvəqqəti ləğv edəcəyini açıqlayıb.
Eyni zamanda bundan sonra Türkiyə ilə münasibətlərin qorunması məqsədilə yeni əməkdaşlıq modelinin tapılması üçün müzakirələrə başlanılacağı bildirilib. Lakin Monteneqro ictimaiyyətində narazılıq günlərdir davam edir.
Globalinfo.az-a danışan türkiyəli politoloq Hüsaməddin İnanc deyib ki, Monteneqrodakı hadisələrin əsası Bosniya ilə bağlıdır:
“Bosniya Federasiyasının Serb Respublikası bölgəsinin keçmiş lideri olan Milorad Dodik xüsusilə ərazini Serbiyaya birləşdirmək istəyirdi. Digər tərəfdən, Kosovoda da son zamanlar separatçı serblər var. Türkiyə isə buna cavab olaraq həm Bosniyadakı, həm də Kosovadakı müsəlmanlara ciddi mənada silah göndərdi.
Yəni burada Rusiyanın Ukrayna müharibəsi fonunda bölgəyə müdaxilə edib vəziyyəti qarışdırdığını görə bilirik. Türkiyənin son zamanlar Balkanlarda yeni bir müharibənin başlanmasının qarşısını almaq üçün atdığı addımlar, göstərdiyi hərbi yardımlar, Monteneqro başda olmaqla serbləri narahat etdi. Baş verən hadisələrin pərdəarxasında dayanan reallıq belədir. Yəni orada türklərə və onlara yaxın olan türk etnoslu xalqlara qarşı risk var.
Türkiyə vətəndaşlarının Monteneqroya vizasız girişinin ləğvi də çox risklidir. Rusiyanın dəstəklədiyi serblər son dərəcə təhlükəli və qəzəblidirlər. Türkiyə buna görə qabaqlayıcı tədbirlər görür”.

Hüsaməddin İnac
Albaniyalı siyasi şərhçi və araşdırmaçı Sokol Brahaj deyib ki, məsələ sadəcə iki türkün bir serbə bıçaqla zərbə edirməsi başlığı ilə sosial şəbəkələrdə yayıldı:
“Məhz bundan sonra monteneqrolu serblər türklərə qarşı hərəkətə keçdi. Hadisə sadəcə Podqoritsada deyil, ölkə miqyasında rezonans doğurdu. Nəticədə türklərə ünvanlı təhdidlərin səsləndirilməsinə başlanıldı.
Türkiyə tərəfi, xüsusilə də başda xarici işlər naziri Hakan Fidan olmaqla, Monteneqro prezidenti ilə təmaslar quraraq məsələyə dərhal reaksiya verdi. Rəsmi Ankara həm Türkiyə, həm də Azərbaycan vətəndaşlarının qorunacağını, onların haqlarının müdafiə ediləcəyini bildirdi. Çünki hadisələr nəticəsində azərbaycanlılar arasında da xəsarət alanlar olub.
Monteneqro rəsmiləri hələlik daha təmkinli yanaşma sərgiləyirlər, lakin atılan addımlardan onların da baş verənlərə görə narahat olduqları görünür. Monteneqro tərəfindən ən əhatəli açıqlama Dini İşlər Naziri Rıfat Fejzić tərəfindən verildi. O, hadisəni qəbuledilməz adlandırdı.
Ümumiyyətlə, Rıfat Fejzić bir bosniyalıdır. Regionda bosniyalı müsəlmanlara qarşı Serbiya və Monteneqro serbləri tərəfindən çoxsaylı soyqırımlar olub. Prosesin qarşısının alınması üçün tədbir görülməsə, türklərə hücumlar intensivləşə bilər”.

Sokol Brahaj
Siyasi şərhçinin sözlərinə görə, Monteneqro kimi kiçik bir ölkədə türk və azərbaycanlıların əleyhinə başlayan bu kampaniya təsadüfi deyil:
“Lakin hər halda Türkiyə tərəfi məsələyə adekvat reaksiya verib. Hesab edirəm ki, Balkanlar keçmişdə olduğu kimi bu gün də bir “barıt çəlləyi”dir. Yəni region gərginliyə, qarşıdurmaya hazırdır. Lakin prosesin Monteneqrodan Albaniyaya keçməsi inandırıcı deyil. Bununla belə, ətraf ölkələrə təsir göstərməsi mümkündür.
Əslində prosesdə Serbiya tərəfinin əlinin olması istisna edilmir. Çünki Türkiyə Kosovaya ciddi yardımlar göstərir. Xüsusilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Kosova məsələsindəki mövqeyi Belqradda narazılıq doğurur. Belə olan halda, Ankaraya bu cür cavabın verməsi gözlənilən idi.
Serblər və monteneqrolular iki fərqli dövlətdə olsalar da, eyni millətdirlər yəni elə serblərdir. Ona görə də daim bir-birlərinin təəssübkeşliyini qoruyurlar. Türkiyənin Kosova məsələsindəki addımları Serbiyanı narahat etdiyi üçün Monteneqro da bir növ bu ölkəyə dəstək olur. Həmçinin türklərlə bağlı problemlər də eyni kökəndən olan azərbaycanlılara sirayət edir.
Ümumilikdə dövlətlərarası əlaqələr davam etdirilsə də, proses narahatlıq doğurur”.