Dövlət Miqrasiya Xidmətinin dəstəyi və DMX yanında İctimai Şuranın təşkilatçılığı ilə Bakı Slavyan Universitetində “Azərbaycanda təhsil alan əcnəbi tələbələr arasında miqrasiya qaydaları" mövzusunda maarifləndirmə tədbiri keçirilib.

Universitetin beynəlxalq təhsil proqramları şöbəsinin müdiri Nihat İsmayılzadə və həmin şöbənin baş mütəxəssisi Güllübəyim Cəfərova çıxış edərək tədbir iştirakçılarını rəhbərlik adından salamlayıb, universitetdə əcnəbi tələbələr üçün yaradılan şəraitdən, qeydiyyat prosesindən və tətbiq edilən yeniliklərdən danışıblar.

Dövlət Miqrasiya Xidməti əməkdaşlarının ali məktəblərdə əcnəbi tələbələrlə görüşlərinin əhəmiyyətli olduğu vurğulanıb.
DMX-nin Miqrasiya siyasəti və hüquqi təminat baş idarəsinin Hüquqi təminat idarəsinin rəis müavini Xəyalə Abbasova, Miqrasiya nəzarəti baş idarəsinin baş inspektoru Tural Kərimov, Miqrasiya proseslərinin tənzimləmə baş idarəsinin baş inspektoru Ruslan Ağayev tədbirdə iştirak edən əcnəbi tələbələri maraqlandıran sualları cavablandırıb və miqrasiya qaydalarına dair ətraflı izahat veriblər.

Çıxış edən DMX yanında İctimai Şuranın sədri Sima Yaqubova, tələbələrə miqrasiya mövzusunda bir sıra hüquqi məsələlər üzrə tövsiyyələrini verib.
"Miqrasiya Sahəsinin İnkişafı" ictimai birliyinin sədri Vidadi Fətullayev və digər çıxışçılar ictimai təşkilatların əcnəbilərin cəmiyyətimizə inteqrasiyası yolunda fəaliyyətinin əhəmiyyətindən bəhs edib və tədbirin keçirilməsinə dəstək olan Dövlət Miqrasiya Xidməti və Bakı Slavyan Universitetinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
