"Sərhədlərin delimitasiya və demarkasiyası üzrə dövlət komissiyalarının sərhədyanı bölgədə, təkbətək görüş keçirməsi barədə Azərbaycanın təklifinə Ermənistanın razılıq verməsi müsbət haldır".
Bu sözləri Bakıvaxtı.az-a açıqlamasında millət vəkili Nəsib Məhəməliyev deyib.
Deputat bildirib ki, hər hansı vasitəçi olmadan ermənilərlə daha tez dil tapmaq mümkündür: "Münaqişənin uzun müddət ərzində həll olunmamasının kökündə məhz Minsk qrupunun əsas həmsədr ölkələri - ABŞ, Fransa və Rusiyanın "vasitəçilik" missiyaları dururdu. Heç kimə sirr deyil ki, bu üç ölkənin hər birinin regionda öz siyasi, iqtisadi maraqları var. Onlar problemin həllindən daha çox öz korporativ maraqlarından çıxış edirdilər. Nəticədə, Azərbaycan məcburiyyət qarşısında qalaraq, müharibə yolu ilə münaqişəni həll etməli oldu. Müharibədən üç il keçməsinə baxmayaraq, əfsuslar olsun ki, hələ də sülh müqaviləsi imzalanmayıb. Bunun da əsas səbəbi, yenə də həmin "vasitəçilər"dir. Fransa prezidenti Emmanuel Makronun kobud müdaxiləsindən sonra sülh danışıqları dalana dirəndi”.
Onun sözlərinə görə, hazırkı vəziyyət elədir ki, Qərbin qərəzli yanaşması bizi, Rusiyanın mövqeyi isə aralarında yaranmış gərginliyə görə Ermənistanı qane etmir. Belə olan halda ən optimal variant təkbətək görüşdür. Müsahibimiz qeyd edib ki, danışıqların, sərhədin hansı hissəsində keçirilməsinin fərqi yoxdur: “Ümumiyyətlə, delimitasiya proseslərinin qaydası belədir ki, növbəli şəkildə hər iki ölkənin ərazisində keçirilməlidir. Bir dəfə bizdə, bir dəfə də Ermənistanda. Qazax da ola bilər, Laçın da".
Nəsib Məhəməliyev: Ermənistan özündə siyasi iradə tapa bilsə, İrəvanla Bakı arasında birbaşa təmaslar effektiv ola bilər
Parlament üzvü bildirib ki, anklavların qaytarılması məsələsi 10 noyabr üçtərəfli bəyannaməsində və sonra əldə olunmuş razılaşmalarda əksini tapmış məsələdir: "Delimitasiya və demarkasiya məsələləri isə uzun prosesdir. Hətta illərlə çəkə bilər. Əvvəlcə tərəflər arasında mübahisə doğurmayan ərazilər dəqiqləşdirilir və protokollaşdırılır. Sonra mübahisəli bölgələr üzrə müzakirələr aparılır. Sərhədlərin dəqiqləşdirilməməsi sülh müqaviləsinin imzalanması üçün maneçilik törətməməlidir. Əsas odur ki, iki dövlət arasında sülh müqaviləsi imzalanmalı, gərginlik aradan qalxmalı, kommunikasiyalar açılmalı, regionun yenidən hərbiləşdirilməsinin, kənar qüvvələrin daxil olmasının qarşısı alınmalıdır. Qalan digər məsələlər iki dövlət arasında, hər hansı vasitəçilər olmadan, danışıqlar yolu ilə həllini tapmalıdır. Əgər, Ermənistan özündə siyasi iradə tapa bilsə, İrəvan-Bakı arasında birbaşa təmaslar effektiv ola bilər".